Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-21 12:15:00
ABŞ-da doktorantura oxumaq istəyənlərin NƏZƏRİNƏ! - Bu imtahan tələb olunur 

Gənclərin xarici ölkədə təhsil alması üçün müxtəlif beynəlxalq imtahanlar tələb olunur. Dünya universitetləri imtahan əsasında xarici ölkələrdən tələbə qəbul edirlər.

AzEdu.az bu dəfə "GRE"  imtahanı haqqında zəruri məlumatları təqdim edir:

GRE (Graduate Record Examination) Amerika Birləşmiş Ştatlarında magistr və doktorantura təhsili almaq üçün verilən imtahandır. Dünyanın bir çox məşhur universitetləri də humanitar fənlər üzrə GRE imtahanını tələb edirlər.

GRE imtahanı Educational Testing Service (ETS) tərəfindən həyata keçirilir.

Bu imtahanın bir çox mənbədə iki  formadan ibarət olmasını qeyd etsələr də, əslində 3 formadan ibarətdir: General Test, Subject Test,Writing Assessment...

GRE General Test –  Ümumi imtahan olaraq bilinir və bir çox universitetlər məhz bu imtahanın nəticəsini tələb edir. General test 2 saat 15 dəqiqə kompüter vasitəsilə aparılır.  Test imtahanına 5 dəfə girmək şansı verilir və imtahanlar orta hesabla hər iki aydan bir olur.  General test 3 hissədən (rəqəmsal, sözəl və analitika) ibarətdir. Sözəl hissəsində 30 suala 30 dəqiqə vaxt ayrılır. Burada sözləri və birləşmələri oxumaq, anlamaq, istifadə etmək kimi bacarıqlar yoxlanılır. Rəqəmsal bölmədə isə riyaziyyat, həndəsə, verilənlərin analizi və riyazi məntiqdən ibarət 28 suala 45 dəqiqə vaxt verilir. Analitika bölməsində məntiqi suallardan ibarət 35 suala 60 dəqiqə vaxt verilir. İmtahanın qiyməti isə ölkələrə uyğun olaraq 100-150 dollar arası dəyişir.

GRE Subject Test – Bu test üsulu müəyyən bir ixtisas üzrə hazırlaşanlar üçündür.   İmtahan vermədən 3 həftə öncə qeydiyyatdan keçməli və hansı fənndən imtahan verəcəyinizi müəyyən etməlisiniz.

GRE Writing Assessment – Bu imtahanda isə yazı yaza bilmə qabiliyyəti yoxlanılır və imtahan onlayn olaraq həyata keçirilir.

GRE General Test 160-dan çox ölkədə 1000-dən çox test mərkəzində il ərzində davamlı olaraq təşkil olunur. Kompüter əsaslı GRE testi üçün ərizələr onlayn, telefon və post vasitəsilə qəbul edilir.

Qeyd edək ki, yazılı təşkil olunan GRE imtahanlarına onlayn və ya poçt vasitəsilə müraciət edə bilərsiniz. Onlayn müraciət etmək üçün ETS-nin rəsmi saytına daxil olaraq qeydiyyatdan keçməli və “MY GRE” hesabını açmalısınız. Poçt ilə müraciət etmək üçün isə ərizə forması doldurulmalı və son qeydiyyat tarixinə qədər ərizənin üzərində qeyd edilmiş ünvana göndərilməlidir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları