https://www.zirve.edu.az/
05.04.2018 07:25
376 vakant vəzifə, 1700 müraciət - Nəticələr açıqlandı

11 yanvar 2018-ci il tarixli elan üzrə 44 dövlət orqanında 376 vakant vəzifəyə 642 namizədin 1700 müraciəti qeydə alınıb. (1 namizəd bir neçə yerə müraciət edə bilər).

DİM-dən AzEdu.az-a verilən məlumata görə, keçirilməsi nəzərdə tutulan 1700 müsahibədən 853-ü baş tutub. Namizədlər 451 müsahibədə iştirak etməkdən imtina edib, 385 müsahibədə isə iştirak etməyiblər. 7 müsahibənin nəticəsi etibarsız hesab edilib.

Beləliklə, müsahibələrdə iştirak etmiş 272 namizəd bir və ya daha çox ( 243-ü 1 vakant vəzifəyə, 24-ü 2 vakant vəzifəyə, 5-i isə 3 vakant vəzifəyə) vəzifəyə uyğun bilinib, 334 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 1700 müraciət qeydə alınan 376 vakant vəzifədən 173 vakant vəzifəyə 272 namizəd uyğun hesab olunub, qalan 203 vakant vəzifəyə isə heç bir namizəd uyğun olmayıb.

26 yanvar 2018-ci il tarixli elan üzrə isə Təhsil Nazirliyində 58 vakant vəzifə üzrə 50 namizədin 108 müraciəti qeydə alınıb. Keçirilməsi nəzərdə tutulan 108 müsahibədən 49-u baş tutub. Namizədlər 32 müsahibədə iştirak etməkdən imtina edib, 27 müsahibədə isə iştirak etməyiblər. Baş tutan 15 müsahibə üzrə uğur əldə edilib, 34 müsahibə üzrə isə uğur qazanan olmayıb. Beləliklə, müsahibələrdə iştirak edən 15 namizədin hər biri 1 vakant vəzifəyə uyğun bilinib, 24 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 108 müraciət qeydə alınan 58 vakant vəzifədən 15 vakant vəzifəyə 15 namizəd uyğun bilinib, qalan 43 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.

Heç bir müraciət qeydə alınmayan və ya keçirilən müsahibələr nəticəsində tutulmayan vakant yerlər müsahibə elanlarında yenidən müsabiqəyə çıxarılır. 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən isə 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbət test imtahanı keçiriləcəkdir. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulan vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.