Dövlət qulluğuna qəbul prosesində yeni qaydaların tətbiqi ilə bağlı təkliflər gündəmdədir. Yeni Dövlət Qulluğu Məcəlləsi layihəsində namizədlərin seçim mərhələsinin dəyişdirilməsi, müsahibənin iki mərhələdə keçirilməsi və test nəticələrinin yekun qiymətləndirmədə nəzərə alınması təklif olunur.
Bununla yanaşı, dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti və müsahibələrdə ödənişsiz iştirak imkanları ilə bağlı yeni mexanizmlərin tətbiqi də nəzərdə tutulur.
Maraqlıdır, 2 illik dövlət qulluğu sertifikatı namizədlərə nə verəcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Rizvan Fikrətoğlu qeyd edib ki, Dövlət qulluğuna qəbul prosesi ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlı müəyyən məqamlar var ki, onların namizədlər üçün nə dərəcədə faydalı olacağı zamanla daha aydın görünəcək:

"Hazırkı mərhələdə isə bəzi dəyişikliklərin namizədlər üçün əlavə çətinliklər yarada biləcəyi qənaətindəyəm. Əvvəla, Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi dövlət qulluğuna qəbul proseduru baxımından mühüm hüquqi addımdır.
Lakin məcəllənin qəbul edilməsi ilə namizədlərin gündəlik qəbul prosesində dərhal hiss olunan ciddi dəyişikliklərin baş verdiyini demək çətindir. Bu baxımdan, yeni qaydaların praktiki nəticələrini müəyyən müddət keçdikdən sonra daha düzgün qiymətləndirmək mümkün olacaq.
Müsabiqə məsələsinə gəldikdə isə, indiyədək keçirilən müsabiqələrlə bağlı müxtəlif müzakirələr və suallar olub. Bəzi məqamların nə dərəcədə ədalətli və şəffaf olması ilə bağlı fikirlər səsləndirilib. Təbii ki, bunları konkret faktlarla əsaslandırmaq hər zaman asan deyil. Bununla belə, müsabiqənin iki mərhələli formada keçirilməsi ilə bağlı yeni yanaşmanın necə tətbiq olunacağı maraq doğurur.
Hazırda əsas sual bu iki mərhələnin necə təşkil ediləcəyi, namizədlərin hansı meyarlar əsasında qiymətləndiriləcəyi və prosesin əvvəlki sistemdən hansı xüsusiyyətləri ilə fərqlənəcəyi ilə bağlıdır. Bu detallar tam məlum olduqdan sonra dəyişikliklərin nəticələrini daha obyektiv qiymətləndirmək mümkün olacaq.
Digər mühüm məsələ sertifikatın qüvvədəolma müddətinin 5 ildən 2 ilə endirilməsidir. Məncə, bu dəyişiklik xüsusilə uzunmüddətli perspektivdə dövlət qulluğuna hazırlaşan şəxslər üçün müəyyən əlavə çətinliklər yarada bilər.
Əvvəllər şəxs sertifikat əldə etdikdən sonra onun 5 il qüvvədə olacağını və bu müddət ərzində müsabiqələrdə iştirak edə biləcəyini nəzərə alaraq daha rahat plan qura bilirdi. Müddətin 2 ilə endirilməsi isə müəyyən müddətdən sonra şəxsin yenidən hazırlıq prosesinə qayıtmasını və bununla bağlı əlavə vaxt və maliyyə vəsaiti sərf etməsini tələb edə bilər.
Bu baxımdan hesab edirəm ki, sertifikatın qüvvədəolma müddətinin dəyişdirilməsi namizədlər üçün nəzərə alınmalı əsas məqamlardan biridir. Bu dəyişikliklərin namizədlərə real təsirini isə zaman göstərəcək".
Müsabiqələrdə ödənişsiz iştirak imkanının olması da yeni qaydalar çərçivəsində müsbət məqam kimi qeyd olunur:
"Lakin burada nəzərə almaq lazımdır ki, oxşar mexanizm əvvəl də mövcud idi. Şəxs il ərzində 5 müsabiqədə ödənişsiz iştirak edə bilirdi. Sonrakı müsabiqələr üçün isə test imtahanının ödənişinin 50 faizi ödənilirdi.
Məsələn, BB kateqoriyası üzrə test imtahanına giriş haqqı 82 manat olduğu halda, şəxs il ərzində BB üzrə 5 müsabiqədə ödənişsiz iştirak edə bilirdi. Növbəti müsabiqələr üçün isə test imtahanı ödənişinin 50 faizi, yəni 41 manat ödənilirdi.Bu mexanizm əvvəldən də mövcud olduğu üçün onun yeni qaydalar çərçivəsində nə dərəcədə yenilik hesab edilməsinin müzakirə olunmasını normal hesab edirəm. Burada əsas məsələ odur ki, namizəd üçün hansı imkanların həqiqətən yeni olduğu aydın şəkildə izah edilsin.
Ümumilikdə isə, hazırda diqqət çəkən əsas məsələlər sertifikatın qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi və müsabiqənin ikimərhələli formata keçirilməsidir.Bu dəyişikliklərin hər birinin namizədlər baxımından müəyyən təsirləri ola bilər. Xüsusilə ikimərhələli müsabiqənin praktiki olaraq necə tətbiq ediləcəyi məlum olduqdan sonra onun nəticələrini daha dəqiq qiymətləndirmək mümkün olacaq.
Mənim fikrimcə, burada əsas məqsəd dəyişikliklərə yalnız müsbət və ya mənfi yanaşmaq yox, onların namizədə real olaraq nə verdiyini və hansı əlavə imkanlar və ya çətinliklər yaratdığını obyektiv şəkildə qiymətləndirməkdir. Yeni qaydaların tətbiqi ilə bağlı bütün detallar məlum olduqdan sonra daha dolğun və dəqiq fikir formalaşdırmaq mümkün olacaq".