https://www.zirve.edu.az/
18.02.2019 12:06
Çində təqaüdlə oxumaq istəyənlər bunları mütləq bilməlidir
Çap et

 

YUNESKO Çin Xalq Respublikası ilə birgə 2019-2020-ci tədris ili üçün “Böyük Çin Səddi” təqaüd proqramını elan edib:

 AzEdu.az təqaüd proqramına dair zəruri məlumatları təqdim edir:

Magistratura, doktorantura və ya ixtisasartırma (elmi tədqiqat) səviyyələri üzrə elan olunan proqramın tədris dili ingilis və çin dilləridir. Təqaüd proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün 2 yer ayrılıb.

Təqaüd proqramının müddəti 1 ildir. Namizədlər təhsillərinin növbəti illərini digər təqaüd imkanları və ya şəxsi vəsait hesabına davam etdirməlidirlər.

İlkin seçim üçün əsas meyarlar

Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

İddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır;

İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;

Magistratura səviyyələrində oxumaq istəyənlər   ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar;

Dövlət İmtahan Mərkəzi  imtahanlarında iştirak etməyən iddiaçıların akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən az olmamalıdır;

DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;

İxtisasartırma, magistratura və ya doktoranturaya müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır;

İngilis dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (ixtisasartırma üçün IELTS sertifikat balı minimum 6.0 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə 6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla)) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcək;

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.

Tələb olunan sənədlər:

ÇXR tərəfinin nümunəyə uyğun olaraq, təsdiqlənmiş elektron ərizəsi;

Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir;

Xarici dil sertifikatı (IELTS, TOEFL, HSK və s.) və səlahiyyətli orqan tərəfindən təsdiqlənmiş müvafiq ərizə forması;

Hazırda oxuduğunuz  təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər (ingilis və ya çin dillərində);

Ali təhsil haqqında sənədin (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün),  diploma əlavənin ingilis və ya çin dillərində notariat qaydada tərcümə və təsdiq edilən surəti;

İxtisasartırma və magistratura üçün müraciət edən namizədlərin təhsil alacağı ixtisasla bağlı məqsəd, gözləntiləri barədə qısa xülasə (“Microsoft Word” formatında, minimum 500 söz, ingilis və ya çin dillərində) ;

Doktorantura proqramı üçün müraciət edən namizədlər tədqiqat işinə dair xülasə (“Microsoft Word” formatında, minimum 800 söz, ingilis və ya çin dillərində) ;

Tövsiyə məktubları – 2 ədəd (ingilis və ya çin dillərində);

 Ümumvətəndaş pasportunun surəti;

Sağlamlıq haqqında arayış;

CV;

İncəsənət sahəsi üzrə müraciət edənlər öz əl işləri və digər nəaliyyətlərinin əlavə olunduğu materialları CD şəklində təqdim edə bilərlər.

 Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

Qeyd; Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə oxumaq istəyən namizədlər hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunan surətini təqdim etməlidirlər.

Qeyd. Çin hökumətinin təqaüd proqramının şərtlərinə əsasən, bakalavriat və magistratura səviyyəsi üçün müraciət edən namizədlərin yaş həddi 40-dan aşağı, doktorantura üçün isə 50-dan aşağı olmalıdır.

Müraciət forması:

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları,

  1. www.campuschina.org/alumni/reg.html ərizə formasını doldurub təsdiq etməlidir;
  2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemini* tamamlayaraq https://www.app.htp.edu.az/ -01.03.2019-cu il tarixinədək təsdiq etməlidir.

* 2019/20-ci tədris ili üzrə YUNESKO-nun Çin Xalq Respublikası ilə birgə həyata keçirdiyi “Böyük Çin Səddi” təqaüd proqramına layiq görüləcək şəxslər sırasından yalnız Təhsil Nazirliyinin elektron ərizə sistemini tamamlayan şəxslərin adları Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısına daxil ediləcək. Bunu nəzərə alaraq, qarşı tərəfə edilən  müraciətlərlə yanaşı, Azərbaycan Respublikasım Təhsil Nazirliyinin elektron ərizə sistemi üzrə də müraciətlərin təsdiqlənməsi xahiş olunur.

Ümumi qaydalar:

Təqaüd proqramına müraciət edəcək iddiaçılar rəqabətlilik sayına və akademik göstəricilərə uyğun olaraq fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;

Müsahibəyə dəvət olunacaq şəxslər tələb olunan sənədləri, Azərbaycan və Çin tərəfinin təsdiqlənən elektron ərizəsinin surətini Təhsil Nazirliyinə təqdim etməlidir;

Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcək;

Seçim nəticələrinə dair apelyasiya şikayəti verilməsi nəzərdə tutulmur;

Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunan şəxslərin siyahısı kvota sayına uyğun olaraq baxılması üçün YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyinə təqdim ediləcək.

Qeyd edək ki, təqaüd proqramı ilə bağlı suallarınızı Təhsil Nazirliyinin və ya YUNESKO-nun məsul şəxslərinə ([email protected], [email protected] ) ünvanlaya bilərsiniz. İş günləri ərzində təqaüd proqramı ilə bağlı yalnız 14:00-16:00 aralığında əlaqə saxlamağınız xahiş olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları