Azərbaycandan olan şagird beynəlxalq yarışmada yüksək nəticə göstərərək uğur əldə edib.
AzEdu.az xəbər verir ki, Hacıyeva Sədaqət müəllimənin 4B sinif şagirdi Kamil Məmmədli 24 oktyabr 2026-cı il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilən “Asia World Brain Cup-2026” beynəlxalq çempionatında iştirak edib.
Kamil yarışda abaküs, mental arifmetika və riyaziyyat sahələri üzrə nümayiş etdirdiyi yüksək nəticələrə görə sertifikatla təltif olunub.
Qeyd edək ki, bu, azyaşlı zəka sahibinin ilk qələbəsi deyil. Kamil hələ 2024-cü ildə, 21 nömrəli məktəbin 1B sinfində təhsil alarkən Özbəkistanın Nəvai şəhərində təşkil olunmuş "ASIAN CUP-2024" Beynəlxalq Mental Aritmetik Olimpiadasında iştirak edib. Dünyanın 7 fərqli ölkəsindən 220 güclü şagirdin qatıldığı həmin mötəbər yarışda azyaşlı məktəbli fenomenal zəkası ilə bütün rəqiblərini geridə qoyaraq turnirin ən yüksək mükafatına- "Superçempion" tituluna layiq görülüb.
Şagirdin fənn müəllimi və sinif rəhbəri Sədaqət Hacıyevanın rəhbərliyi ilə qazanılan bu ardıcıl beynəlxalq uğurlar həm məktəblinin böyük potensialının, həm də onun üzərində çəkilən fədakar əməyin bariz nümunəsidir.