Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-04 18:37:38
BDU tələbəsi olan Nobel mükafatçısı alim haqqında film göstəriləcək - Landau gizlinləri

Parisdə dünya şöhrətli fizik, Nobel mükafatı laureatı, Bakı Dövlət Universitetinin tələbəsi olmuş Lev Davidoviç Landaunun həyatına həsr olunmuş “Dau” filmi nümayiş etdirilir. 

AzEdu.az xəbər verir ki, rejisor İlya Xrjanovski tərəfindən çəkilən film 17 fevraladək fasiləsiz olaraq 24 saat ərzində Parisin üç nəhəng mədəni mərkəzləri olan Şatle teatrı, Pompidu Mərkəzi və Théâtre de la Ville teatrında göstəriləcək. 

Filmin ssenarisi Lev Landaunun həyat yoldaşı Kora Landau-Drobansevanın xatirələri və arxiv sənədləri əsasında yazılıb. 

2008-ci ilin aprel ayında Sankt-Peterburqda başlayan filmin əsas hissəsi Xarkovda lentə alınıb, digər hissələri isə Bakı, Moskva, London və Kopenhagendə çəkilib. 

Qeyd edək ki, Lev Landau 1908-ci ildə Bakının Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlib. 1922-ci ildə 14 yaşlı L.Landau Bakı Dövlət Universitetinə qəbul imtahanları verib və eyni vaxtda iki fakültədə - fizika-riyaziyyat və kimya fakültələrində təhsil alıb. Kimya elmi gənc Landaunu maraqlandırsa da, birinci semestrdən sonra o fizika və riyaziyyata daha çox üstünlük verib. 

L.Landau ilk elmi çıxışlarına məhz Bakı Dövlət Universitetində başlayıb. Əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi bu gənci universitetdə məşhurlaşdırıb və ona diqqəti artırıb. Məhz Bakıda aldığı təhsil L.Landaunun gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni üslubun və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin əsası olub. 

Elmi nailiyyətlərindən başqa L.Landau, eyni zamanda, keçmiş SSRİ-də nəzəri fizika elminin aparıcı Landau məktəbinin əsasını qoyub. Onun yaratdığı bu məktəb sovet elminə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşitz, Lev Qorkov, İsak Xalatnikov və Boris Yoffe kimi fiziklər bəxş edib. 

1962-ci il yanvarın 7-də L.Landau ciddi avtomobil qəzasına uğrayıb. Bu qəzadan ciddi xəsarət alan alim üç ay komada yatıb. 1962-ci ilin noyabrında L.Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. 

Nobel Komitəsinin tarixində ilk dəfə xüsusi hal kimi məşhur fizikin Stokholma gedə bilməməsi nəzərə alınıb və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edib. O, bir daha əvvəlki fəaliyyətinə qayıda bilməyib. Dahi fizik 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat edib.