Azedu.az

"Burada göz kontanktı da önəmlidir”- Sertifikasiya müsahibəsindəki həlledici suallar

Sertifikasiya

22 Sentyabr 2026, 13:33
"Burada göz kontanktı da önəmlidir”- Sertifikasiya müsahibəsindəki həlledici suallar

Dünən Texnologiya fənni üzrə təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsində iştirak edən müəllimlərdən biri də Şamaxı rayonunun Qəleybuğurd kənd Bahadur Osmanov adına tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Quliyeva Səma Şöhrət qızıdır.

AzEdu.az Səma müəllimlə əlaqə saxlayaraq onun sertifikatlaşdırmanın test və müsahibə mərhələsi ilə bağlı təəssüratlarını öyrənib.

O, 2019-cu ildə Şamaxı Dövlət Regional Kollecində texnologiya müəllimliyi ixtisası üzrə təhsil alıb. 2023-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 77 balla Şamaxı rayonu Qaleybuğurd kənd Bahadur Osmanov adına tam orta ümumtəhsil məktəbində fəaliyyətə başlayıb. Bundan əvvəl isə bir il müddətində Şamaxı rayonu Məlcək kənd ümumi orta məktəbində müddətli əmək müqaviləsi əsasında çalışıb.

Müəllim sertifikatlaşdırmanın test mərhələsində 55 bal topladığını qeyd edib:

“Düşünürəm ki, sertifikasiyanın istər test, istərsə də müsahibə mərhələsi müəllimin inkişafı baxımından olduqca əlverişlidir. Test mərhələsində nəzəri biliklərimiz yoxlanılır. Müsahibədə isə müəllimin özünü idarə etməsi, dünyagörüşü, emosional davranışları və göz kontaktı kimi məqamlar qiymətləndirilir. Sualların səviyyəsi yaxşı və düşündürücü idi. Həm ixtisas biliklərimiz, həm pedaqoji yanaşmamız, həm də situasiyalarda qərarvermə bacarığımız yoxlanılırdı”.

Müsahibə mərhələsindən də danışan müəllim qeyd edib ki, proses zamanı müəyyən qədər həyəcan yaşasa da, suallar üzərində düşünərək fikirlərini aydın çatdırmağa çalışıb:

İlk öncə həyəcan oldu, amma müsahibə başladıqdan sonra özümü daha rahat hiss etdim. Suallara mümkün qədər əmin şəkildə cavab verməyə çalışdım. Suallar yalnız nəzəri bilikləri yoxlamırdı. Həmin bilikləri praktikada necə tətbiq etdiyimizə yönəlmişdi. Burada müəllimlərin situasiyaya yanaşması, əsas da şagirdyönümlü düşünməsi ön planda idi”.

Müəllim sertifikatlaşdırma prosesinin onun üçün dəyərli təcrübə olduğunu vurğulayıb:

“Əlbəttə, hər bir müəllim kimi mən də əməyimin qarşılığında yaxşı nəticə gözləyirəm. Amma prosesin özü də bizim üçün dəyərli bir təcrübə oldu. Sertifikasiya mərhələsi müəllimin uğuru baxımından olduqca əlverişli mərhələdir. Özümü ifadə etməyim, həm də müəllim kimi təcrübə qazanmağım baxımından mənim üçün çox əlverişli oldu”.

Səma Quliyeva gələcəkdə sertifikatlaşdırmada iştirak edəcək müəllimlərə də tövsiyələrini verib:

“Ən əsası düşünürəm ki, hazırlığa son günlərdə başlamaq lazım deyil. Davamlı şəkildə öz üzərimizdə işləməliyik. Müəllimlərə sözüm budur: daim özlərinə güvənsinlər, amma öyrənməyi heç vaxt dayandırmasınlar. Çünki bir müəllim həm hər gün öyrənən, həm də hər gün öyrədən şəxsdir. Müəllim yeganə peşədir ki, olduğu hər yerdə müəllimdir. Yəni ünsiyyətdə olduğu hər an müəllimdir. Ona görə müəllimlər daim öz üzərlərində işləyib özlərini inkişaf etdirməlidirlər”.

Putin üçün əsl cəhənnəm başlayır - Sərhəddə yeni müharibə
Son xəbərlərDaha çox