Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bir çox abituriyentdə narahatlıq yaradıb. Xüsusilə də III ixtisas qrupu üzrə seçim etməyə hazırlaşan abituriyentlərin əksəriyyətinin seçim siyahısında bu universitet yer alırdı.
Maraqlıdır, BQU-nun bağlanması həmin ixtisaslar üzrə plan yerlərinin azalmasına səbəb olacaq, yoxsa digər ali təhsil müəssisələrində plan yerlərinin artırılması nəzərdə tutulur?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb.
Pedaqoji ixtisaslar üzrə plan yerlərində ötən illərlə müqayisədə azalma var:
"Bakı Qızlar Universiteti qəbul edilmiş qərara əsasən fəaliyyətini dayandırıb. Həmin universitet üçün nəzərdə tutulan plan yerləri isə demək olar ki, digər ali təhsil müəssisələri arasında bölüşdürülüb.
Yəni həm dövlət, həm də özəl ali təhsil müəssisələrində plan yerlərində müəyyən dəyişikliklər var. Sadəcə, ümumilikdə demək olar ki, bütün ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə plan yerlərində azalma müşahidə olunur.
Bu isə təkcə Bakı Qızlar Universitetinin fəaliyyətini dayandırması ilə bağlı deyil. Ümumilikdə qəbul edilmiş qərarın nəticəsidir və pedaqoji ixtisaslar üzrə plan yerlərində ötən illərlə müqayisədə azalma var".
Bakı Qızlar Universitetinin fəaliyyətini dayandırması bəzi abituriyentlərdə özəl universitetlərə inamı sarsıda bilər:
"Amma III ixtisas qrupunda kifayət qədər plan yeri var. Səhv etmirəmsə, 16 mindən çox abituriyentin qəbulu nəzərdə tutulur. Eyni zamanda II ixtisas qrupunda da plan yerlərinin sayında artım var.
Qaldı ki, bu narahatlıq başadüşüləndir. Abituriyentlər düşünə bilərlər ki, bir özəl universitet fəaliyyətini dayandırıbsa, gələcəkdə digər özəl universitetlərlə bağlı da oxşar qərarlar verilə bilər. Bu səbəbdən Bakı Qızlar Universitetinin fəaliyyətini dayandırması bəzi abituriyentlərdə özəl universitetlərdə təhsil almaqla bağlı tərəddüd yarada və qərar vermə prosesini çətinləşdirə bilər".
Bəzi özəl universitetlərdə təhsil almaqdansa, Qarabağ Universitetində təhsil almaq dəfələrlə daha üstün seçimdir:
"Tövsiyəmiz ondan ibarətdir ki, abituriyentlər ilk növbədə dövlət universitetlərini nəzərdən keçirsinlər. Təbii ki, dövlət universitetlərinə qəbul olmaq real görünmürsə, bu zaman özəl ali təhsil müəssisələrinə üstünlük verilə bilər. Eyni zamanda, regionlarda fəaliyyət göstərən dövlət universitetləri də nəzərdən keçirilməlidir.
Məsələn, Qarabağ Universiteti artıq təhsil keyfiyyəti baxımından kifayət qədər ön sıralardadır və gələcək inkişaf perspektivləri də yüksək qiymətləndirilir. Abituriyentlər bu istiqaməti seçsələr, düşünürəm ki, yanılmazlar. Yəni bəzi özəl universitetlərdə təhsil almaqdansa, Qarabağ Universitetində təhsil almaq dəfələrlə daha üstün seçimdir".