Azedu.az

Prestijli ixtisaslar 150 ballıq oldu -"Əmək bazarının tələb etdiyi sahələr riskə atılır"

İmtahanlar və qəbul məsələləri

5 Avqust 2026, 10:05
Prestijli ixtisaslar 150 ballıq oldu -"Əmək bazarının tələb etdiyi sahələr riskə atılır"

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 150 ballıq ixtisasların siyahısına yeni istiqamətlər əlavə olundu. Bunların arasında kompüter mühəndisliyi, informasiya texnologiyaları, maliyyə, iqtisadiyyat, eləcə də beynəlxalq ticarət və logistika kimi ixtisaslar yer alır.

Nəzərə alaq ki, 150 ballıq ixtisas seçimində əsasən qəbul imtahanından 100 balı keçə bilməyən abituriyentlər də iştirak edirlər. Maraqlıdır, aşağı nəticə əldə edən abituriyentlərin əmək bazarının ən çox ehtiyac duyduğu bu sahələrdə təhsil alması nə dərəcədə doğrudur və bu, gələcəkdə hansı fəsadlara yol aça bilər?

AzEdu.az-a mövzu ilə bağlı  təhsil eksperti Ramin Nurəliyev açıqlama verib. 

O qeyd edib ki, bu kateqoriyaya məhz hər il plan yerləri boş qalan ixtisaslar daxil edilməlidir ki, 150 ballıq abituriyentlər həm qəbul şansı əldə etsinlər, həm də həmin yerlər dolmuş olsun:

"Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə xanım Abbaszadə son mətbuat açıqlamasında ixtisas qrupları üzrə 150 ballıq ixtisasların sayının artırıldığını qeyd etdi və hətta bəzilərinin adlarını sadaladı. Xüsusilə I və II ixtisas qruplarında 150 ballıq ixtisaslara edilən əlavələr ictimaiyyətin bir qisminin sevincinə, digər qisminin isə narazılığına səbəb oldu.

Bir təhsil mütəxəssisi olaraq, əvvəlcə bu təşəbbüsün müsbət tərəfini qeyd etmək istəyirəm. Ümumiyyətlə, 150 ballıq ixtisasların artırılması gözəl addımdır. Lakin hansı ixtisaslar üzrə? Əgər biz bura kompüter mühəndisliyi və informasiya texnologiyaları kimi sahələri daxil ediriksə, həm bu ixtisasların nüfuzuna kölgə salmış oluruq, həm də həmin istiqamətlərdə 150 bal toplayan gənclərin qəbul olma ehtimalı çox aşağı olur, çünki bu ixtisaslar onsuz da yüksək rəqabətlidir.

Bu proses başqa cür tənzimlənə bilərdi məsələn, region universitetlərində gəncləri həmin ali məktəblərə cəlb etmək və paytaxtla yanaşı bölgələrdə də canlanma yaratmaq üçün bu təşəbbüs məhz region universitetlərinə şamil oluna bilərdi. Amma biz gəlib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və ya Azərbaycan Dövlət İqtisad Universitetinin kompüter mühəndisliyi ixtisasını bura daxil edəriksə, bu, reallıqda qeyri-mümkündür. Hətta regionun bir çox universitetlərində də bu, çətin məsələdir.

Bununla yanaşı, xüsusilə II ixtisas qrupunda Beynəlxalq ticarət və logistika, Maliyyə və İqtisadiyyat kimi ixtisasların 150 ballıq kateqoriyaya aid edilməsi absurddur. Niyə? Çünki bu ixtisaslar onsuz da prestijlidir və həmin balı toplayan abituriyentin gəlib bura qəbul olması mümkünsüz görünür. Bu kateqoriyaya məhz hər il plan yerləri boş qalan ixtisaslar daxil edilməlidir ki, 150 ballıq abituriyentlər həm qəbul şansı əldə etsinlər, həm də həmin yerlər dolmuş olsun. Dövlət İmtahan Mərkəzi bu ixtisasları seçərkən bunu nəzərə almalıdır".

Düşünürəm ki, DİM bu addımı atarkən abituriyentləri tamamilə nəzərə almayıb:

"Əgər həqiqətən də abituriyentlər düşünülsəydi, bu addım III ixtisas qrupunda da atılardı. Çünki ən çətin vəziyyət məhz bu qrupdadır. 150 ballıq ixtisaslara qəbul imkanı əldə edə bilməyən abituriyentlərin böyük əksəriyyəti III qrupun payına düşür. Muzey, arxiv işi və abidələrin qorunması, Sosial iş kimi ixtisaslarda keçid balları kifayət qədər yüksəkdir. Bunun əsas səbəbi həmin ixtisasların 150 ballıq qəbul kateqoriyasına daxil edilməməsidir.

Əgər bu siyahıya Tərcümə, Filologiya, Fəlsəfə və digər oxşar ixtisaslar da əlavə edilsəydi, DİM-in həqiqətən də abituriyentlərin maraqlarını nəzərə aldığını söyləmək olardı. Halbuki Qida mühəndisliyi əmək bazarında onsuz da perspektivli ixtisaslardan biridir. I qrup üzrə daha aşağı ballarla qəbul imkanı olan ixtisasların bu kateqoriyaya daxil edilməsi daha məqsədəuyğun olardı. Yalnız bu halda 150 ballıq abituriyentlərin maraqlarının nəzərə alındığını demək mümkün idi.

Təəssüf ki, hazırkı vəziyyət o qədər də ürəkaçan deyil. Sadalanan ixtisasların əksəriyyəti üzrə qərarın gözlənilən effekti verəcəyini düşünmürəm. Bu dəyişiklikdən daha çox buraxılış imtahanında təxminən 170-210 bal toplayan, lakin blok imtahanında 100 bal həddini keçə bilməyərək 90-98 bal yığan abituriyentlər faydalanacaqlar. Onlar ümumi nəticələri 270-280 bala çatdığı halda həmin ixtisasları seçməkdə müəyyən üstünlük əldə edəcəklər. Ümumi balı 200-dən aşağı olan (180-190 bal toplayan) abituriyentlər üçün isə bu dəyişiklik ciddi üstünlük yaratmayacaq".

SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı
Son xəbərlərDaha çox