Azedu.az

"3-5 balı çatmadığı üçün gələcəyin həkimi kimya müəllimi olur"

İmtahanlar və qəbul məsələləri

31 İyul 2026, 12:35
"3-5 balı çatmadığı üçün gələcəyin həkimi kimya müəllimi olur"

"Gələcəyin həkimi olmaq istəyən abitruyent  3-5 balı çatmadığı üçün kimya və ya biologiya müəllimi olur".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Məzahir Məmmədli (@mazahirmammadli67) • Facebook

“Əslində, hər bir kəsin hədəflədiyi müəyyən ixtisaslar və sahələr var. Artıq Azərbaycanda da valideynlərin iradəsindən kənar - xüsusilə qızlar arasında - abituriyentlərin yalnız arzuladıqları bir və ya iki ixtisası qeyd etməsi halına daha çox təsadüf olunur. Bu, ötən illərin təcrübəsində də bir neçə dəfə təkrarlanmış bir mənzərədir.

Get-gedə bu tendensiyanın artdığını görürəm və hesab edirəm ki, bu, müsbətə doğru bir göstəricidir. İnsanın özü üçün hədəflədiyi ixtisası birmənalı olaraq seçməsi və bunda qərarlı olması çox yaxşı əlamətdir. Lakin təəssüf ki, bizdə ali təhsil müəssisələrinə qəbul toplanan bala uyğun aparılır. Məsələn, gələcəyin həkimi olmaq istəyən abitruyentin 3-5 balı çatmayanda o, növbəti il bir daha hazırlaşmaq iddiasını ortaya qoymur; gedib kimya və ya biologiya müəllimi olur. Hüquqşünas olmaq istəyən isə tarixçiliyi seçir”.

İxtisas qrupu məhdudiyyəti aradan qaldırılmalıdır:

“Çox arzulayardıq ki, müəyyən ixtisas və peşələrə qabiliyyəti çatan, bunu hədəfləyən və arzulayan şəxslər üçün müvafiq şərait yaradılsın. Məsələn, ixtisas qrupu məhdudiyyətinin aradan qaldırılması çox yaxşı olardı. Lakin bilirsiniz ki, yaxın bir neçə ildə bu dəyişiklik gözlənilmir, çünki məsələ ilə bağlı hətta müzakirə də getmir.

Hər il qəbul imtahanlarından sonra sosial şəbəkələrdə, mediada və elm adamları arasında ictimai fikir öyrənilərkən belə müzakirələr yaranır ki, ali təhsil müəssisələrinin giriş qapılarını geniş, çıxış qapılarını isə dar etmək lazımdır. Bu ifadə məşhur professorumuz Şahlar Əsgərova məxsusdur. Onun da bu qaydaların dəyişdirilməsi və sadələşdirilməsi ilə bağlı dəfələrlə təşəbbüsləri olub. Dünyanın heç bir yerində ixtisas və peşə qruplara görə seçilmir. Düzdür, bu qəbul modeli Azərbaycana ilk dəfə Türkiyədən gətirilib, lakin Türkiyənin özündə bu sistem dəfələrlə modernləşdirilib və dəyişdirilib. Bizdə isə təəssüf ki, hələ də olduğu kimi qalır”.

700 bal toplamaq olmazsa-olmaz bir şərt deyil:

“Bu il təkcə I və IV qruplar üzrə qəbul imtahanının ikinci cəhdində 17 nəfər maksimum nəticə göstərib. Bu da onu sübut edir ki, məzunlarımız arasında potensiallı, bilikli və bacarıqlı abituriyentlər var. Sadəcə, DİM-in buraxılış imtahanı nəticələrinə görə ümumilikdə 700 bal toplayan yalnız iki nəfər oldu.

Məncə, 700 bal toplamaq olmazsa-olmaz bir şərt deyil. Ali təhsil müəssisələrinin statistikasına nəzər salsaq görərik ki, bəzən 500-650 bal aralığında nəticə toplayanlar semestr imtahanlarında 700 bal toplayanlardan daha yaxşı göstəricilər nümayiş etdirirlər. Təəssüf ki, üç il əvvəl elan olunmuş bir statistikada 2 nəfər 700 bal toplayan tələbənin hətta kəsirlə oxuduğu bəlli olmuşdu. Bu, əlbəttə ki, ürəkaçan mənzərə deyil. Ona görə də abituriyentlərə sırf 700 balı yox, özlərinə uyğun ixtisası hədəfləməyi arzulayıram ki, gələcəkdə əmək bazarında rahatlıqla iş tapa bilsinlər”.

Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə
Son xəbərlərDaha çox