Azedu.az

II və III qruplarda 700 bal olmadı - İmtahan çətin idi, yoxsa abituriyentlər zəif?

İmtahanlar və qəbul məsələləri

30 İyul 2026, 14:26
II və III qruplarda 700 bal olmadı - İmtahan çətin idi, yoxsa abituriyentlər zəif?

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci cəhd mərhələsinin nəticələri açıqlanıb. I ixtisas qrupu üzrə 2, IV ixtisas qrupu üzrə isə 15 abituriyent qəbul imtahanında mümkün olan maksimum nəticəni - 400 balı toplayıb.

Ümumilikdə isə I və IV ixtisas qruplarının hər birində 1 nəfər 700 bal toplayaraq ən yüksək nəticəyə imza atıb. II və III ixtisas qruplarında isə bu il 700 bal toplayan abituriyent olmayıb.

Maraqlıdır, II və III ixtisas qruplarında 700 bal nəticəsinin qeydə alınmamasına hansı amillər təsir göstərib? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Vüsət Əzizov bildirib ki, buraxılış imtahanında edilən kiçik səhv belə, 700 bal arzusunu əlçatmaz edə bilər:

184768

“II və III ixtisas qruplarında bu il 700 bal nəticəsinin qeydə alınmamasını yalnız bir amillə izah etmək düzgün olmaz. Burada bir neçə amilin eyni vaxtda təsiri var. Əvvəla, bu il keçirilən buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha çətin olduğu barədə həm abituriyentlər, həm müəllimlər, həm də nəticələrin statistikası müəyyən siqnallar verdi. Buraxılış imtahanı yekun bala 300 bal təsir etdiyi üçün burada edilən kiçik səhvlər belə 700 bala çatmağı mümkünsüz edir. Qəbul imtahanında maksimum nəticə göstərən abituriyent belə, buraxılış mərhələsində bir neçə bal itirərsə, artıq 700 bal toplamaq şansı azalır.

Digər tərəfdən, II və III ixtisas qruplarında rəqabətin və tapşırıqların xarakteri də fərqlidir. Xüsusilə Azərbaycan dili, tarix, coğrafiya və digər humanitar fənlərdə qiymətləndirmə zamanı diqqətsizlikdən yaranan kiçik səhvlər daha çox bal itkisinə səbəb ola bilir. Bu isə ideal nəticə əldə etməyi çətinləşdirir”.

Bu il II və III ixtisas qruplarında 700 bal üçün tələb olunan bütün şərtlər formalaşmadı:

“Bununla yanaşı, I və IV ixtisas qruplarında oxuyan abituriyentlərin hazırlıq səviyyəsinin daha yüksək olduğunu qəti şəkildə demək də doğru olmaz. Hər ixtisas qrupunda çox güclü abituriyentlər var. Sadəcə, bu il I və IV qruplarında 700 bal üçün tələb olunan bütün şərtlər bir neçə nəfər üçün üst-üstə düşüb, II və III qruplarında isə həmin uyğunluq baş verməyib.

Nəticə etibarilə, məncə əsas səbəb məhz buraxılış imtahanlarının çətinlik səviyyəsinin artması və bunun yekun bala təsiridir. 700 bal təkcə yüksək biliyin deyil, həm də hər iki imtahanda maksimum dəqiqlik və sabit nəticənin göstəricisidir. Bu il II və III ixtisas qruplarında belə ideal nəticə üçün tələb olunan bütün şərtlər formalaşmadığına görə 700 ballıq göstərici qeydə alınmadı”.

Azərbaycanda SKANDAL OLAY: 15 yaşlı qızla evlənən şəxs HƏBS EDİLDİ
Son xəbərlərDaha çox