Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Belə ki, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib.
IV ixtisas qrupu üzrə maksimum nəticə əldə edənlərdən biri də Abduzadə Nihad Ehtiram oğludur.
N.Abduzadə IV ixtisas qrupu üzrə qəbulun II cəhdində 400 bal toplayaraq maksimum nəticə əldə edib. O buraxılış imtahanı ilə bərabər 694 bal toplayıb.
Bu münasibətlə Nihad Abduzadə AzEdu.az-a təəssüratlarını bölüşüb.
"İkinci mərhələdə 400 bal toplayacağıma inanırdım. İmtahan zamanı sualları cavablandırarkən bütün cavablarımın düzgün olduğuna əmin idim və nəticə də gözlədiyim kimi oldu. Bu, mənim üçün sürpriz olmadı.
Birinci qəbul imtahanında 360 bal toplamışdım. Həmin imtahanda əsasən diqqətsizlikdən bəzi səhvlərə yol vermişdim. Buraxılış imtahanı ilə birlikdə ümumi nəticəm 654 bal idi. İkinci qəbul imtahanında isə maksimum - 400 bal toplayaraq ümumi balımı 694-ə yüksəltdim.
Məncə, hər iki imtahan eyni səviyyədə idi. İkinci imtahanda sadəcə daha diqqətli oldum və bu da daha yüksək nəticə əldə etməyimə kömək etdi. İmtahan zamanı ən çox vaxtı fizika fənninə ayırdım. Birinci imtahanda isə biologiya daha çox vaxtımı almışdı. Sualların səviyyəsi normal idi. Nə çox çətin, nə də çox asan. Hazırlıq keçən və mövzuları yaxşı mənimsəyən abituriyent üçün onları cavablandırmaq mümkün idi.
IV ixtisas qrupunu seçmişəm və gələcəkdə həkim olmaq istəyirəm. Bakalavr təhsilimi Azərbaycan Tibb Universitetində almağı, daha sonra isə rezidentura təhsilimi Almaniya və ya İsveçrədə davam etdirməyi planlaşdırıram. Bu ölkələri sakit mühiti, nizam-intizamı və geniş təhsil imkanlarına görə seçmişəm.
Ailəmizdə tibb sahəsində çalışan yoxdur. Bu istiqaməti seçməyimin əsas səbəbi biologiya və digər təbiət fənlərinə olan marağımdır.
Ən böyük dəstəkçim anam olub. O, həm valideynim, həm də biologiya müəllimim kimi hər zaman yanımda olub. IV qrupu seçməyimdə də onun məsləhəti böyük rol oynayıb. Biologiyanı mənə o öyrədib və hazırlıq müddətində daim dəstək göstərib.
Anamın ən böyük arzusu mənim həkim olmağım, Azərbaycan Tibb Universitetinə qəbul olmağım idi. Mən də həm onun arzusunu, həm də öz hədəfimi reallaşdırdım. Bu uğurda onun əməyi danılmazdır.
Mənim kimi yüksək nəticə əldə etmək istəyən abituriyentlərə tövsiyəm odur ki, hazırlıq zamanı diqqətli və məqsədyönlü olsunlar. Mövzuları yaxşı mənimsədikdən sonra imtahanda stresi idarə etmək və vaxt bölgüsünü düzgün qurmaq da çox vacibdir.
Hazırlıq dövründə bütün fənlər üzrə müəllim yanına gedirdim və müəllimlərimin də böyük dəstəyi olub. Sosial şəbəkələrdən isə çox istifadə etmirdim. Amma düşünürəm ki, əsas məsələ onlardan tamamilə uzaq durmaq deyil, hər şeyə düzgün vaxt ayırmağı bacarmaqdır.
Mən gündə neçə saat oxuduğuma xüsusi fikir vermirdim. Əsas məqsədim müəllimlərin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək idi. Dərslərimi bitirdikdən sonra digər işlərimlə məşğul olurdum. Məncə, uzun saatlarla oxumaqdansa, qısa müddətdə daha fokuslu çalışmaq daha səmərəlidir. Məsələn, bir fənni beş saat diqqətsiz oxumaqdansa, iki saat tam diqqətlə öyrənmək daha yaxşı nəticə verir".