Azedu.az

"400 bal toplayacağımı əvvəlcədən hesablamışdım" - Maksimum nəticənin SAHİBİ

İmtahanlar və qəbul məsələləri

29 İyul 2026, 14:24
"400 bal toplayacağımı əvvəlcədən hesablamışdım" - Maksimum nəticənin SAHİBİ

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu imtahanda IV ixtisas qrupu üzrə 15 nəfər 400 bal toplayaraq maksimum nəticə göstərib. 

Onlardan biri də 182 saylı orta məktəbin məzunu Tağıyeva Süsən Namiq qızıdır.

AzEdu.az Süsən Tağıyeva ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

İkinci cəhd imtahanına müəllim yanına getmədən, öz üzərimdə müstəqil çalışaraq hazırlaşdım:

"İmtahan nəticəmi öyrənəndə 400 bal toplayacağımı əvvəlcədən hesabladığım üçün bu nəticə mənim üçün gözlənilməz olmadı. Buna baxmayaraq, maksimum nəticə əldə etdiyimə görə çox sevindim.

Əslində, imtahanın birinci cəhdi mənə daha asan gəlmişdi. Sadəcə, biologiya fənnindən mexaniki səhvlərə yol verdiyim üçün həmin vaxt 400 bal toplaya bilməmişdim. İkinci cəhddə isə bu səhvləri təkrarlamadım. İmtahanda ən çox çətinlik çəkdiyim fənn kimya olsa da, sevindirici haldır ki, hər iki cəhddə kimya üzrə bütün sualları düzgün cavablandırdım.

Hazırlıq prosesinə gəlincə, ilk cəhdimdə müəllimlərlə hazırlaşmışdım. İkinci cəhdimdə isə artıq müəllim yanına getmədən, müstəqil şəkildə çalışaraq hazırlaşdım".

Təhsilimi Almaniyada davam etdirmək istəyirəm:

“Mənim növbəti və əsas hədəfim Tibb Universitetinə qəbul olub, gələcəkdə yaxşı bir həkim kimi yetişməkdir. Azərbaycanda 6 illik tibb təhsilimi başa vurduqdan sonra isə təhsilimi Almaniyada davam etdirmək istəyirəm.

Mən hazırlıq dövründə sosial mediadan istifadə edirdim. Əsas məsələ həddi aşmamaqdır. Gün ərzində saatlarla telefona baxmaq düzgün olmasa da, dincəlmək üçün arada vaxt ayırmaq olar.

Yüksək nəticə qazanmaq istəyən abituriyentlərə tövsiyəm odur ki, çox çalışsınlar, vaxt bölgüsünü düzgün təyin etsinlər və bol-bol sınaq imtahanları işləyib sınaqlara qatılsınlar".

Abituriyenti tələbə edəcək qızıl qaydalar - ÇOX VACİB
Son xəbərlərDaha çox