Dünən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci cəhd mərhələsinin nəticələri açıqlanıb. I ixtisas qrupu üzrə 2, IV ixtisas qrupu üzrə isə 15 abituriyent qəbul imtahanında mümkün olan maksimum nəticə olan 400 balı toplayıb.
Bu il xüsusilə IV ixtisas qrupunda yüksək nəticə göstərən abituriyentlərin sayı diqqət çəkir. Bəs bu göstəricilər tibb ixtisası üzrə rəqabətə necə təsir edəcək? Keçid ballarının yüksəlməsi ehtimalı varmı?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.

IV ixtisas qrupunda ən böyük rəqabəti Tibb Universitetinə qəbul arzusu formalaşdırır:
"IV ixtisas qrupunda elə ixtisaslar formalaşıb ki, bir çox abituriyent seçim edərkən belə düşünür: ya Tibb Universitetinə qəbul olacam, ya da heç bir ixtisası seçməyəcəm. Tibb arzusu ilə yaşayan abituriyentlər əsasən bu istiqamətdə hazırlaşır və əsas hədəfləri məhz Tibb Universitetinə qəbul olmaqdır.
Buna görə də onlar ixtisas seçimi zamanı bəzi hallarda yalnız Tibb Universitetini yazır, digər ixtisasları isə seçimlərinə daxil etmirlər. Qəbul ola bilmədikləri təqdirdə isə, xüsusilə qız abituriyentlər, növbəti il yenidən hazırlaşaraq təkrar müraciət etməyi üstün tuturlar".
Bu il IV ixtisas qrupunda kifayət qədər ciddi və qızğın rəqabət olacaq:
"Bu il IV ixtisas qrupu üzrə həqiqətən də diqqətçəkən bir nəticə qeydə alındı. İkinci cəhd blok imtahanında 15 abituriyent maksimum - 400 bal topladı. Birinci cəhdlə müqayisədə IV ixtisas qrupu üzrə ikinci cəhd blok imtahanının daha asan olduğu qeyd olunur. Abituriyentlərin böyük əksəriyyəti də məhz ikinci cəhddə ballarını artırdıqlarını bildirir. Əlbəttə, balı azalanlar da var, lakin ümumi mənzərə nəticələrin yüksəldiyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, IV ixtisas qrupunda bu il kifayət qədər ciddi və qızğın rəqabət olacaq. Çünki 400 bal toplayanların sayı 15 nəfərdirsə, təbii olaraq 390 bal və ətrafında nəticə göstərənlərin sayı daha çox, 380 bal intervalında olanların sayı isə ondan da artıqdır. Belə bir vəziyyət isə IV ixtisas qrupu üzrə yüksək nəticələrin keçid ballarına ciddi təsir göstərəcəyini deməyə əsas verir. Statistika açıqlanandan sonra bunu daha rahat təhlil edib qiymətləndirmək mümkün olacaq”.
IV ixtisas qrupu yeganə qrupdur ki, burada balların düşəcəyini deyə bilmirəm:
“Mən digər ixtisas qruplarında balların düşəcəyini deyirəm, amma IV ixtisas qrupu yeganə qrupdur ki, burada balların düşəcəyini deyə bilmirəm. Yəni həqiqətən də bu, balların düşəcəyini söyləməyin çox çətin olduğu yeganə ixtisas qrupudur.
Buraxılış imtahanının çətin, blok imtahanının isə nisbətən asan olması nəticələrə çox böyük təsir göstərməyə bilər, amma müəyyən təsirinin olacağı ehtimalı yüksəkdir. Çünki 690 və ondan yuxarı bal toplayan abituriyentlərin sayının az olmayacağı gözlənilir. Bununla yanaşı, 650-dən yuxarı nəticə göstərənlərin də kifayət qədər olacağı ehtimal edilir. Bunu statistika açıqlanandan sonra daha dəqiq görəcəyik. Ümumi mənzərə isə ondan ibarətdir ki, IV ixtisas qrupunda kifayət qədər gərgin rəqabətin şahidi olacağıq".