Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697.5 bal toplayan 2 nəfər toplayıb.
697.5 balı toplayanlardan biri də Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə.Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızıdır.
AzEdu.az Aysu Məhərrəmli ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
İmtahandan çıxanda bu qədər yüksək nəticə göstərəcəyimi gözləmirdim:
"Hətta o stres mühitində elə hiss edirdim ki, bəzi şeyləri yazmaq yadımdan çıxıb. Amma cavablar elan olunanda düşündüyümün əksinə, sualların hamısını doğru cavabladığımı gördüm. Nəticəmi görəndə çox sevindim.
I cəhd imtahanında 674 bal toplamışdım. Mənim üçün hər iki imtahanın çətinlik dərəcəsi eyni idi. Sadəcə ilk imtahanda xüsusilə İnformatikanı sona saxladığım üçün bəzi hesab səhvlərinə yol vermişdim. İkinci cəhddə daha təcrübəli olduğum üçün həmin səhvlərin qarşısını ala bildim.
İmtahanlara 10-cu sinifdən hazırlaşmağa başlamışdım. Həm hazırlığa gedirdim, həm də müstəqil çalışırdım. Ama vurğulamaq istəyirəm ki, bu nəticəmin əsas təməli mənim məktəb müəllimlərimdə oldu. Aşağı siniflərdən yaxşı oxuduğum üçün müəllimlərim üzərimdə sağlam təməl qoymuşdular".
Uğur qazanmaq istəyən abituriyentlərə ən böyük tövsiyəm planlı hazırlaşmalarıdır:
"Hazırlıq prosesində məni ən çox yoran fənn Azərbaycan dili olmuşdu. Riyaziyyatdan çətinliyim yox idi, amma Azərbaycan dilində qrammatika qaydaları və mətnlər üzərində çox çalışmalı olurdum.
Gələcək təhsilimi Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisası üzrə davam etdirməyi düşünürəm. Növbəti əsas hədəfim seçdiyim bu sahədə mümkün qədər peşəkarlaşmaqdır.
Mən 10-cu sinifdə və 11-ci sinfin əvvəlində dərslərimdən asudə vaxtlarda gündə 1-2 saat sosial mediadan istifadə edirdim. Sadəcə imtahana son 2 ay qalmış diqqətimi tam dərslərə yönəltmək üçün hesablarımı sildim. Yəni normada və ölçülü istifadə etmək olar.
Uğur qazanmaq istəyən abituriyentlərə ən böyük tövsiyəm planlı olmalarıdır. Ən böyük səhv plansızlıqdır. Hər gün səhər oyandıqda gün ərzində nə edəcəyini bilməlisən, əks halda 1–2 saatın boşa gedir. Bütün il boyunca yalnız planlı və intizamlı olanlar istədikləri nəticəni qazana bilərlər".