Azedu.az

Abituriyentlər süni intellektlə ballarını saxtalaşdırır - Onlar buna niyə məcbur qalırlar?

İmtahanlar və qəbul məsələləri

24 İyul 2026, 10:04
Abituriyentlər süni intellektlə ballarını saxtalaşdırır - Onlar buna niyə məcbur qalırlar?

Artıq bütün ixtisas qrupları üzrə qəbul imtahanları yekunlaşıb və abitruyentlər nəticələri ilə tanış olublar. Son günlər isə maraqlı bir tendensiya diqqət çəkir. Bəzi abitruyentlər süni intellekt və ya müxtəlif montaj proqramlarından istifadə edərək imtahan nəticələrini saxtalaşdırır, topladıqları balı olduğundan yüksək göstərərək bunu xüsusilə valideynlərindən gizlətməyə çalışırlar. Lakin ixtisas seçimi mərhələsində onların real nəticələri üzə çıxır. 

Maraqlıdır, gəncləri bu cür saxtakarlığa sövq edən əsas səbəb nədir? Valideyn təzyiqi, uğursuzluq qorxusu, yoxsa cəmiyyətin yüksək gözləntiləri? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "Əməkdar müəllim" Sona Əliyeva bildirib ki, bəzən gənclər universitetə qəbul olmaq üçün yox, ailəsini və ətrafını məyus etməmək üçün imtahan verirlər:

184869

“Bu məsələni ilk baxışdan sadəcə yalan danışmaq və ya məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirmək olar. Lakin, məsələnin görünməyən tərəfi daha vacibdir. Doğurdan da düşündürücü məsələdir,  bir gənc niyə həqiqətin bir neçə gün sonra ortaya çıxacağını bilə-bilə bu addımı atmağa məcbur olur? Axı həmin abituriyent çox yaxşı bilir ki, ixtisas seçimi mərhələsində real nəticə gizli qalmayacaq. Sadəcə, bir neçə saatlıq və ya bir neçə günlük psixoloji rahatlıq qazanmağa çalışırlar.  Bu isə artıq bizi başqa bir problem haqqında düşünməyə vadar edir.
 
Son illər qəbul imtahanları təəssüf ki, yalnız biliyin yoxlanılması prosesi olmaqdan çıxaraq müəyyən mənada sosial status göstəricisinə çevrilib. Gənclərimiz bəzən universitetə qəbul olmaq üçün deyil, ailəsini, qohumlarını və sosial çevrəsini məyus etməmək üçün imtahan verirlər. İmtahan zalından çıxan abituriyentin ilk eşitdiyi sual "Neçə bal topladın?" olur. Çox az hallarda isə ona "Özünü necə hiss edirsən?" sualı verilir.  

Biz cəmiyyət olaraq uğuru çox sevirik. Yüksək bal toplayan gəncləri qəhrəmanlaşdırır, onların uğurlarını günlərlə paylaşırıq. Amma aşağı bal toplayan minlərlə gəncin psixoloji vəziyyəti ilə maraqlanmırıq. Halbuki qəbul imtahanı insanın həyat yolunda verdiyi yüzlərlə qərardan sadəcə biridir. Onu insanın dəyərinin və gələcəyinin yeganə göstəricisinə çevirmək böyük yanlışlıqdır”.

Bəzi ailələrdə qəbul imtahanı artıq təkcə abituriyentin deyil, bütün ailənin imtahanına çevrilib:

"Məsələnin digər tərəfi ailə münasibətləri ilə bağlıdır. Əgər bir gənc öz nəticəsini valideyninə olduğu kimi deməkdən çəkinirsə, burada təkcə övladın davranışını müzakirə etmək kifayət deyil. Biz eyni zamanda özümüzə də sual verməliyik ki, niyə övladlarımız uğursuzluqlarını bizimlə rahat paylaşa bilmir? Valideynlərin övladları üçün yüksək hədəflər müəyyən etməsi tamamilə normaldır.

Problem gözləntilərin olması deyil, həmin gözləntilərin uşağın psixoloji yükünə çevrilməsidir. Təəssüf ki, bəzi ailələrdə qəbul imtahanı yalnız abituriyentin deyil, bütün ailənin imtahanına çevrilir. Uşaq isə öz nəticəsini açıqlamadan əvvəl valideyninin reaksiyasını, qohumların münasibətini və öz çevrəsinin mümkün mühakiməsini hesablayır.

Digər bir məqam isə sosial şəbəkələrin yaratdığı görünməz təzyiqdir. Bu gün imtahan nəticələri bəzən fərdi nailiyyətdən daha çox ictimai nümayiş vasitəsinə çevrilib. Hər kəs yüksək balı paylaşır, amma heç kim öz uğursuzluğundan danışmaq istəmir. Nəticədə gənclərdə "ya qalib olmalıyam, ya da görünməməliyəm" düşüncəsi formalaşır. Süni intellekt texnologiyalarının inkişafı isə bu davranışı daha da asanlaşdırıb. Əvvəllər fotoşop tələb edən bir işi bu gün bir neçə saniyə ərzində həyata keçirmək mümkündür. Ona görə də hesab edirəm ki, problem texnologiyada deyil. Süni intellekt sadəcə mövcud sosial problemin yeni alətidir".  

Övladının topladığı balı deyil, həqiqəti söyləyə bilməsi daha böyük uğurdur:

"Mən bu hadisəni gənclərin məsuliyyətsizliyi kimi qiymətləndirmirəm. Əlbəttə, nəticəni saxtalaşdırmaq düzgün davranış deyil və bunu normallaşdırmaq olmaz. Ancaq gənci yalnız qınamaqla da problemi həll edə bilmərik. Çünki hər bir davranışın arxasında müəyyən səbəblər dayanır.  Əgər bir abituriyent aşağı bal topladığını deməkdənsə, saxta nəticə hazırlamağı daha təhlükəsiz hesab edirsə, bu, bizim təhsil və ailə mühitimiz haqqında düşünməyimiz üçün kifayət qədər ciddi siqnaldır. Valideynlər bir həqiqəti unutmamalıdırlar ki, övladının topladığı balı deyil, həqiqəti söyləyə bilməsi daha böyük uğurdur. ünki balı yenidən toplamaq mümkündür, ixtisası dəyişmək mümkündür, hətta həyat yolunu yenidən qurmaq da mümkündür. Amma valideynlə övlad arasında itirilmiş etimadı bərpa etmək heç də həmişə asan olmur.

Bu gün bizim ən çox ehtiyac duyduğumuz şey yüksək bal toplayan uşaqlar yetişdirmək deyil. Bizə uğursuzluğunu da ailəsi ilə bölüşməkdən qorxmayan, psixoloji cəhətdən sağlam və öz dəyərini yalnız imtahan nəticələri ilə ölçməyən gənclər yetişdirmək lazımdır. Çünki qəbul imtahanı insanın həyatını müəyyənləşdirə bilər, amma onun kim olduğunu müəyyənləşdirə bilməz".

Rusiyadakı soydaşlarımıza xəbərdarlıq: Bunu etmək mümkün olmayacaq
Son xəbərlərDaha çox