14-18 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
İmtahanda yüksək nəticə göstərən namizədlərdən biri də ibtidai sinif müəllimliyi üzrə namizəd Nəzrin Mirzəyeva olub. O, MİQ-in test imtahanı mərhələsində 90 bal toplayıb.
AzEdu.az Nəzrin müəllimlə həmsöhbət olub.
Eyni vaxtda həm magistratura, həm də müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına hazırlaşdım:
“Bu il universitet təhsilimi müvəffəqiyyətlə tamamlayaraq bakalavr təhsilimi uğurla başa vurdum. Universitetdə təhsil aldığım müddətdə yalnız nəzəri biliklərlə kifayətlənməyərək müxtəlif könüllü fəaliyyətlərdə iştirak etdim, sosial və təhsil yönümlü layihələrdə fəallıq göstərdim.
Peşəkar inkişafımı davam etdirmək məqsədilə eyni vaxtda həm magistratura, həm də müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına hazırlaşdım. Qarşıma qoyduğum məqsədə çataraq hər iki imtahanda uğur qazandım və MİQ imtahanında 90 bal nəticə əldə etdim".
Gələcəkdə əsas hədəfim Bakı şəhərinin məktəblərində müəllim kimi fəaliyyət göstərməkdir:
"Hazırda dörd illik pedaqoji fəaliyyət təcrübəsinə malikəm. Bu müddət ərzində şagirdlərlə səmərəli ünsiyyət qurmaq, tədris prosesini planlaşdırmaq və müasir təlim metodlarını tətbiq etmək sahəsində öz bacarıqlarımı inkişaf etdirmişəm.
Düşünürəm ki, müasir və interaktiv təlim metodlarından, xüsusilə müxtəlif tədris oyunlarından istifadə etməklə şagirdlərə dərsləri sevdirə və öyrənmə prosesini onlar üçün daha maraqlı edə bilərəm.
Məqsədim yalnız bilik ötürən müəllim olmaq deyil, eyni zamanda şagirdlərin etibar etdiyi, motivasiya aldığı və sevərək dərsə qatıldığı bir müəllim kimi yadda qalmaqdır. Əldə etdiyim bütün nailiyyətlər mənim üçün böyük məsuliyyət və qürur mənbəyidir”.