"Yüksək nəticə əldə etmək üçün orta məktəb dərsliklərini diqqətlə oxumaq və davamlı test işləmək vacibdir".
Bu sözləri MİQ imtahanında tarix müəllimliyi üzrə 93,75 bal toplayan namizəd Tural Hüseynli AzEdu.az-a açıqlamasında bildirib.
"İmtahan mənim üçün yaxşı keçdi və nəticədən razı qaldım.
Həm kurikulum, həm də ixtisas sualları maraqlı, məntiqli və düşündürücü idi. Çətinlik yaratmasa da, diqqət tələb edən tapşırıqlar idi.
İmtahandan əvvəl təxminən 92 bal toplayacağımı düşünürdüm və nəticənin buna yaxın olması mənim üçün sevindirici oldu. Ümumilikdə, imtahan gözlədiyim kimi keçdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili almışam. Magistratura təhsilimi isə Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramı üzrə başa vurmuşam.
MİQ imtahanında üçüncü dəfə iştirak edirəm. İlk imtahanda 80, ikinci imtahanda isə 70 bal toplamışdım. Bu dəfəki nəticəm isə 93,75 bal oldu.
Mənə görə, yüksək nəticə əldə etmək istəyən namizədlər ilk növbədə orta təhsil məktəbləri üçün nəzərdə tutulmuş dərslikləri diqqətlə mütaliə etməlidirlər. Müxtəlif vəsaitlərdən istifadə etsələr də, onları dərsliklərlə müqayisəli şəkildə oxumaq daha faydalıdır. Bununla yanaşı, test tapşırıqlarına üstünlük vermək və mütəmadi olaraq test işləmək uğur qazanmaq baxımından mühüm rol oynayır. Gələcək fəaliyyətimi Bakı şəhərində davam etdirməyi planlaşdırıram".
MİQ imtahanında tarix müəllimliyi üzrə 93 bal toplayan namizəd Aynur Süleymanzadə bildirib ki,
imtahan çox uğurlu keçib:
"Suallar testologiyanın tələblərinə uyğun olaraq sadə, orta və mürəkkəb səviyyələrdə tərtib olunmuşdu. Düşünürəm ki, ixtisasını normal səviyyədə bilən və məsuliyyətlə hazırlaşan hər bir namizəd bu uğuru əldə edə bilər. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunuyam. Magistratura təhsilim yoxdur. Doqquz ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Əvvəl rayon məktəbində çalışmışam, hazırda isə Bakı məktəblərindən birində fəaliyyət göstərirəm.
MİQ imtahanında iştirak etməyimin əsas səbəbi yerdəyişmə etmək istəyim olub. Mənə görə, yüksək nəticə qazanmağın əsas sirri düzgün oxumaq, məsuliyyətli olmaq və öz işinə sevərək yanaşmaqdır. Əminəm ki, bu keyfiyyətlərə sahib olan hər bir namizəd uğur qazana bilər. Sadəcə, insan öz işinə məsuliyyətlə yanaşmalı və məqsədinə çatmaq üçün davamlı çalışmalıdır. Gələcək fəaliyyətimi də Bakı şəhərində davam etdirməyi planlaşdırıram"