"Yüksək nəticə üçün dərsliklərlə işləmək və testlər üzərində səhvləri təhlil etmək vacibdir".
Bu sözləri MİQ imtahanında 90 bal toplayan tarix müəllimliyi üzrə namizəd Azər Abdullazadə AzEdu.az-a açıqlamasında bildirib.
"Bu gün tarix müəllimliyi üzrə MİQ imtahanında iştirak etdim və 90 bal topladım. İmtahana ciddi şəkildə hazırlaşmışdım və əlimdən gələni etmişdim.
Əlbəttə, nəticənin bir qədər yüksək olmasını da istəyərdim. Bəzən bir-iki sualın düzgün və ya yanlış cavablandırılması yekun nəticəyə təsir göstərir.
Bakı Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə məzunuyam. Magistratura təhsilim yoxdur. Daha əvvəl Quba rayonunun Amsar kənd tam orta məktəbində təxminən il yarım tarix müəllimi kimi fəaliyyət göstərmişəm.
Gözdən əlil namizəd olaraq MİQ imtahanında iştirak etdim. İmtahan prosesində bizim üçün xüsusi şərait yaradılır.
Qeydiyyat zamanı müvafiq sənədlər təqdim olunduqdan sonra namizədə oxucu təyin edilir və əlavə 30 dəqiqə vaxt verilir. Oxucu sualları səsləndirir, namizəd isə cavablarını bildirir və onlar müvafiq qaydada qeyd olunur.
İmtahan sualları ümumilikdə düşündürücü idi. Xüsusilə, variantların bir və ya bir neçə cavabdan ibarət olduğu suallar daha çox diqqət tələb edirdi. Təbii ki, asan suallar da var idi, lakin imtahanın namizədlərin bilik və bacarıqlarını yoxlamaq baxımından balanslı şəkildə tərtib olunduğunu düşünürəm.
Yüksək nəticə əldə etmək istəyən namizədlərə tövsiyəm odur ki, daha çox dərsliklərlə işləsinlər. Mən hazırlıq prosesində ümumiləşdirilmiş materiallardan daha çox dərsliklərə üstünlük vermişəm. Mövzuları oxuduqdan sonra testlər üzərində işləyir, səhv etdiyim sualları isə sadəcə cavabı öyrənməklə kifayətlənməyib, həmin mövzunu ətraflı şəkildə təkrar nəzərdən keçirirdim. Hesab edirəm ki, test tapşırıqları üzərində işləmək və səhvləri təhlil etmək uğurun əsas amillərindəndir.
Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı şəhərində davam etdirmək istəyirəm. Xüsusilə, görmə məhdudiyyətli şagirdlər üçün fəaliyyət göstərən məktəbdə çalışmaq mənim üçün çox dəyərli olardı".