"İxtisas və metodika sualları maraqlı və təkmilləşdirilmiş şəkildə hazırlanmışdı".
Bu sözləri MİQ imtahanında 83,75 bal toplayan coğrafiya müəllimliyi üzrə namizəd Elvin İsmayılov AzEdu.az-a açıqlamasında bildirib.
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunuyam. Magistratura təhsilim yoxdur.
MİQ imtahanında 83,75 bal topladım. Əslində, özümdən bir qədər yüksək nəticə gözləyirdim. Bununla belə, topladığım balı qənaətbəxş hesab edirəm.
İmtahan mənim üçün normal keçdi. Həm ixtisas, həm də metodika sualları maraqlı və peşəkar şəkildə hazırlanmışdı. Xüsusilə ixtisas sualları seçilmiş və xüsusi yanaşma ilə tərtib olunmuşdu ki, bu da onları daha maraqlı edirdi.
Metodika sualları da kifayət qədər yaxşı hazırlanmışdı. Sadəcə, müəyyən səbəbdən imtahanı bir qədər tez yekunlaşdırmalı oldum və buna görə sualları daha sürətli cavablandırdım.
Hesab edirəm ki, son illərlə müqayisədə metodika sualları daha da təkmilləşdirilib. Əvvəlki illərdə istifadə olunan sual tipləri ilə müqayisədə hazırkı imtahanda təqdim olunan suallar daha maraqlı və məzmunlu idi. Bu baxımdan imtahanın səviyyəsindən razı qaldım.
Artıq 13 illik pedaqoji fəaliyyət təcrübəm var. Müxtəlif illərdə həm Ucar rayonunda, həm də Bakı şəhərində müəllim kimi çalışmışam. Gələcəkdə fəaliyyətimi Bakı şəhərində davam etdirmək, xüsusilə də yeni yaradılan təmayül məktəblərində işləmək istəyirəm. Vakansiya seçimində əsas üstünlüyü də bu istiqamətə verəcəyəm."