"İmtahanın səviyyəsi məni qane etdi, suallar biliklərimizi yoxlamağa xidmət edirdi".
Bu sözləri MİQ imtahanında 83,75 bal toplayan Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə namizəd Fatma Süleymanlı AzEdu.az-a açıqlamasında bildirib.
"Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını qırmızı diplomla bitirmişəm. Magistratura təhsilim yoxdur.
MİQ imtahanında 83,75 bal topladım. Əslində, özümdən daha yüksək nəticə gözləyirdim. Lakin imtahan zamanı çox həyəcanlı idim və bunun nəticəmə müəyyən qədər təsir etdiyini düşünürəm.
Bu, ciddi şəkildə hazırlaşaraq iştirak etdiyim ilk MİQ imtahanıdır. Əvvəlki illərdə 72 və 69 bal toplamışdım.
Bu il isə daha planlı hazırlaşdığım üçün nəticəmi yüksəldə bildim. İxtisas sualları ümumilikdə düşündürücü idi. Ədəbiyyat bölməsi mənə daha rahat gəldi və həmin hissədə bütün sualları düzgün cavablandırdığıma inanıram. Azərbaycan dili bölməsi isə daha çətin idi və namizədlərdən diqqət tələb edirdi. Bununla belə, sualların tərtibatını çox bəyəndim. Hesab edirəm ki, suallar həqiqətən bilik və hazırlığı yoxlamağa xidmət edirdi. Həm Azərbaycan dili, həm də ədəbiyyat üzrə suallar savad və məntiq tələb edən suallar idi.
Hazırda pedaqoji fəaliyyətlə məşğul olmasam da, gələcəkdə Bakı şəhərində müəllim kimi çalışmaq istəyirəm. Vakansiya seçimində də Bakı məktəblərinə üstünlük verməyi planlaşdırıram. Ümumilikdə, imtahanın səviyyəsindən razı qaldım.
Düşünürəm ki, suallar nə həddindən artıq asan, nə də hər kəsin rahatlıqla cavablandıra biləcəyi səviyyədə idi və namizədlərin biliklərini obyektiv qiymətləndirməyə imkan yaradırdı".