"MİQ-də uğur qazanmağın ən vacib şərtlərindən biri daim öz üzərində çalışmaq və təcrübə qazanmaqdır".
Bu sözləri MİQ imtahanında 87,5 bal toplayan Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə namizəd Rahilə Hüseyn AzEdu.az-a açıqlamasında bildirib.
"Bakı Dövlət Universitetinin Filologiya fakültəsini qırmızı diplomla bitirmişəm. Magistratura təhsilim yoxdur. Artıq yeddi ildir ki, pedaqoji fəaliyyətlə məşğulam və hazırda 232 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıram. Bu təcrübənin MİQ imtahanında yüksək nəticə göstərməyimdə böyük rolu olduğunu düşünürəm.
Bu, MİQ imtahanında ilk iştirakım deyil. İlk dəfə 2019-cu ildə imtahanda iştirak etmiş və 57 balla daimi əsaslarla 232 nömrəli tam orta məktəbə işə qəbul olunmuşdum. Bu il isə 87,5 bal topladım. Nəticəmi qənaətbəxş hesab edirəm. Əlbəttə, daha yüksək ola bilərdi, lakin əldə etdiyim nəticədən razıyam.
İmtahan sualları yaxşı tərtib olunmuşdu.
Həm ixtisas, həm də kurikulum bölməsində müxtəlif çətinlik səviyyəsində suallar yer almışdı. Hər hansı qüsur və ya yanlışlıqla qarşılaşmadım. İmtahan prosesi də yüksək səviyyədə təşkil olunmuşdu.Bu dəfə MİQ imtahanında iştirak etməyimin əsas səbəbi məktəbimi dəyişmək istəyimdir.
Hazırda çalışdığım məktəbdən, kollektivdən və iş mühitindən çox razıyam. Sadəcə, məktəbin mənim üçün uzaq məsafədə yerləşməsi səbəbindən daha yaxın məktəblərə müraciət etməyi düşünürəm. MİQ imtahanına hazırlaşan namizədlərə tövsiyəm odur ki, heç vaxt ruhdan düşməsinlər. Bu prosesdə ilk cəhddə uğur qazanmayanlar da əzmlə çalışmalarını davam etdirməlidirlər.
Düşünürəm ki, MİQ-də uğur qazanmağın ən vacib amillərindən biri daim öz üzərində işləmək və təcrübə qazanmaqdır. Hətta məktəbdə fəaliyyət göstərmək imkanı olmayan müəllim namizədləri də özlərini inkişaf etdirmək üçün tədris mühitində olmağa çalışmalıdırlar.
Qeyd edim ki, 2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması prosesində də iştirak etmişəm və 55 bal toplamışam. Bu nəticəyə əsasən əməkhaqqıma 35 faiz artım tətbiq olunub. Hesab edirəm ki, bu cür təşəbbüslər müəllimlərin peşəkar inkişafını stimullaşdırmaq baxımından olduqca əhəmiyyətlidir".