"İlk MİQ imtahanımda 85 bal topladım, nəticəmdən razıyam".
Bu sözləri MİQ imtahanında 85 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Ayla Əliyeva AzEdu.az-a açıqlamasında bildirib.
"Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasını bitirmişəm. MİQ imtahanında ilk dəfə iştirak etdim və 85 bal topladım. İlk cəhdim üçün nəticəmi çox yaxşı hesab edirəm. Açığı, çox həyəcanlı idim. Özüm üçün 70 baldan yuxarı nəticə hədəfləmişdim.
Düzdür, 85 balı da xəyal edirdim və bu nəticəni görəndə çox sevindim. Düşünürəm ki, bir qədər də yüksək nəticə əldə edə bilərdim, amma buna görə də şükür edirəm. İxtisas sualları mənə rahat gəldi.
Metodika bölməsində isə cavab variantları bir-birinə çox yaxın idi və seçim etməkdə çətinlik çəkdim. Hətta iki sualı cavabsız qoydum. Ümumilikdə isə imtahanın təşkili, şəraiti və prosesdən çox razı qaldım.Vakansiya seçimində ilk istəyim Bakı şəhəridir. Bununla belə, əsas məqsədim müəllim kimi fəaliyyətə başlamaqdır.
Harada ehtiyac olarsa, orada çalışmağa hazıram. Uşaqları çox sevdiyim üçün bu ixtisası seçmişəm. Praktika dövründə də onlarla işlədikcə bu peşəyə sevgim daha da artdı.
Hesab edirəm ki, MİQ imtahanlarının keçirilməsi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından çox vacibdir. Bu sistem şəffaflığı təmin edir və məktəblərə daha hazırlıqlı müəllimlərin cəlb olunmasına xidmət edir. Məncə, həm MİQ, həm də sertifikatlaşdırma prosesləri müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərir."