Türkiyənin Qaziantep Böyükşəhər Bələdiyyəsi Liseylərə Keçid İmtahanında (LGS) 500 tam bal toplayaraq Türkiyə birinciləri sırasına daxil olan 11 şagirdi tam qızıl və Bosniya-Herseqovinaya səfərlə mükafatlandıracaq.
AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Milli Təhsil Nazirliyinin açıqladığı 2026-cı il LGS nəticələrinə əsasən, Türkiyə üzrə 452 şagird bütün sualları düzgün cavablandıraraq 500 bal toplayıb. Onlardan 11-i Qaziantepdəndir.
Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri Fatma Şahin ənənəvi ev ziyarətləri çərçivəsində uğurlu şagirdləri və ailələrini təbrik edib, onlara tam qızıl hədiyyə edib.
Bələdiyyənin "Təhsil Dostu Qaziantep" layihəsi çərçivəsində şagirdlər qızıl mükafatından əlavə, Bosniya-Herseqovinaya da səfər edəcəklər. Proqram çərçivəsində onlar Sarayevo, Mostar və Blaqay kimi tarixi və mədəni məkanları ziyarət edəcəklər.
Layihənin məqsədi akademik uğuru təşviq etməklə yanaşı, şagirdlərin tarix və mədəniyyət barədə biliklərinin artırılmasına töhfə verməkdir.
