"Ad günümdə özümə ən gözəl hədiyyəni etdim - MİQ-dən 94 bal topladım".
Bu sözləri MİQ imtahanında 94 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Lalə Rəhimova AzEdu.az-a açıqlamasında bildirib.
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisası üzrə 2024-cü il məzunuyam. Bu, MİQ müsabiqəsində üçüncü iştirakım idi və imtahandan 94 bal topladım.
Bu gün mənim üçün ikiqat əlamətdar gündür. Həm doğum günümdür, həm də MİQ-də yüksək nəticə əldə etdim. Deyə bilərəm ki, bu, özümə ən gözəl ad günü hədiyyəsi oldu. Başda özümlə, sonra isə mənə əziyyət çəkən müəllimlərimlə qürur duyuram və onların hər birinə təşəkkür edirəm.
Bu nəticə yuxusuz gecələrin, planlı hazırlığın və davamlı zəhmətin bəhrəsidir. Çox sevinirəm ki, məqsədimə çata bildim. İmtahan suallarını ümumilikdə normal qiymətləndirirəm.
Hazırlaşan namizədlər üçün ixtisas sualları rahat idi. Azərbaycan dili və xüsusilə riyaziyyat hissəsini çox rahat cavablandırdım. Kurikulum bölməsi isə bir qədər düşündürücü idi. Hesab edirəm ki, həmin hissədə cavab variantlarının bir-birinə çox yaxın olması bəzən namizədləri çaşdırır. Gələcəkdə bu məqama diqqət yetirilməsi qiymətləndirmənin daha ədalətli olmasına kömək edə bilər.
Əvvəlki illərdə topladığım ballarla rayon məktəblərinə yerləşmək imkanım olsa da, məqsədim Bakı məktəblərində çalışmaq idi. Bu il topladığım nəticə ilə həmin istəyimə çatacağıma ümid edirəm.
Açığı, 94 bal gözləmirdim. Son sınaq imtahanında 86 bal toplamışdım və maksimum 87-88 bal gözləyirdim. Nəticəni görəndə ilk anlarda inanmadım. Həyəcanımdan ətrafdakılar mənim zəif nəticə göstərdiyimi düşündülər. Amma sonradan sevincimin səbəbi məlum oldu.
İbtidai sinif müəllimliyi ixtisasını sevərək seçmişəm. Arzum gələcəkdə şagirdlərimi böyük sevgi ilə yetişdirməkdir. Ümid edirəm ki, onlar da məni mən onları sevəcəyim qədər sevəcəklər".