"Hazırlıq üçün kifayət qədər vaxtım olmadı, buna baxmayaraq 68,5 bal topladım".
Bu sözləri MİQ imtahanında iştirak edən namizəd Xəlilzadə Cəmil AzEdu.az-a açıqlamasında bildirib.
"Lənkəran Dövlət Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə məzunuyam. Magistr təhsilim yoxdur. Hazırda Yardımlı rayonunun Gügavar kənd ümumi orta məktəbində informatika müəllimi kimi çalışıram.
Bu, MİQ imtahanında ikinci iştirakım idi. İmtahandan 68,5 bal topladım. Düşünürəm ki, nəticəm daha yüksək ola bilərdi. Təəssüf ki, imtahana hazırlaşmaq üçün kifayət qədər vaxtım olmadı.
Suallar ümumilikdə standartlara uyğun idi. İxtisas hissəsində məntiqi təhlil tələb edən və vaxt aparan suallar da var idi. Vaxtı düzgün çatdıra bilmədiyim üçün bəzi ixtisas suallarını cavablandırmağa imkanım olmadı.
Hazırda Bakıda yaşayıram. İş yerim isə Yardımlı rayonundadır və gedib-gəlmək müəyyən çətinlik yaradır. Buna görə də vakansiya seçimində əsas məqsədim Bakı şəhərində fəaliyyət göstərməkdir".
Qeyd edək ki, Cəmil Xəlilzadə həyat yoldaşı Aysel Ramazanova Xəlilzadə ilə birgə iştirak etdiyi müəllimlərin sertifikatlaşdırılması prosesində də yüksək nəticə əldə edib. Belə ki, Cəmil Xəlilzadə 51, Aysel Ramazanova Xəlilzadə isə 57 bal toplayıb.