Azedu.az

Cəbrayıllı müəllim sertifikatlaşdırmada 57 bal TOPLADI

Sertifikasiya

25 İyun 2026, 17:02
Cəbrayıllı müəllim sertifikatlaşdırmada 57 bal TOPLADI

Cəbrayıl rayon Fuad Əsədov adına Quyucaq kənd tam orta məktəbinin Texnologiya müəllimi Dürsədəf Mirzəyeva müəllimlərin sertifikatlaşdırılması imtahanında 57 bal toplayaraq uğurlu nəticə əldə edib.

Müəllim AzEdu.az-a açıqlamasında bildirib ki, imtahanı təxminən 40 dəqiqəyə tamamlayıb və hazırlıq prosesində əsasən öz üzərində çalışıb:

“İmtahana heç bir əlavə metodika və ya kurikulum dəstəyi olmadan, fərdi şəkildə hazırlaşmışdım. Özüm mütəmadi olaraq oxuyur, biliklərimi təkmilləşdirməyə çalışırdım. Bu səbəbdən də yüksək nəticə əldə edəcəyimə inanırdım.

Suallar mənə asan gəldi. Yalnız bəzi metodika və kurikulum sualları bir qədər düşündürücü idi. Ümumilikdə isə imtahan rahat keçdi. Tədris proqramından kənar heç bir sual yox idi. Tapşırıqlar dərsliklərə əsaslanırdı və orta səviyyədə hazırlanmışdı.

Bu imtahan müəllimlərin öz üzərində işləməsinə, yeni biliklər əldə etməsinə və daim inkişaf etməsinə stimul verir. Sertifikatlaşdırmanın əsas üstünlüklərindən biri də məhz müəllimləri öyrənməyə və yenilənməyə təşviq etməsidir.

Sentyabrdan şagirdlərimin qarşısına 57 bal toplamış müəllim kimi çıxmaq mənə böyük özgüvən qazandırır. İnsan əziyyətinin bəhrəsini görəndə özünü doğrultmuş hesab edir. Bu nəticə mənim üçün həm qürur, həm də motivasiya mənbəyidir.

İmtahana təxminən 4-5 ay ərzində ciddi şəkildə hazırlaşdım. Son bir-iki ay isə demək olar ki, gecə-gündüz çalışırdım. İmtahan öncəsi həyəcanım olsa da, nəticədə zəhmətimin qarşılığını aldım”.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox