Bakı şəhəri 280 nömrəli tam orta məktəbin texnologiya müəllimi Sevda Ələkbərova müəllimlərin sertifikatlaşdırılması imtahanında 56 bal toplayıb.
36 illik pedaqoji staja malik müəllim AzEdu.az-a açıqlamasında nəticəsindən olduqca məmnun olduğunu bildirib:
“1990-cı ildən müəllim kimi fəaliyyət göstərirəm. Sertifikatlaşdırma imtahanında 56 bal topladım və çox sevinirəm. Suallar çox yaxşı hazırlanmışdı. Həm asan, həm orta, həm də çətin səviyyəli tapşırıqlar var idi. Amma öz ixtisasını yaxşı bilən müəllim bu sualları rahatlıqla cavablandıra bilərdi.
İxtisas və metodika üzrə sualların hamısı yerində idi. Proqramdan kənar heç nə yox idi. Suallar 5-9-cu sinif texnologiya dərsliklərinə uyğun hazırlanmışdı. Öz fənnini mükəmməl bilən müəllim üçün çətinlik yaratmırdı.
Sualları cavablandıra-cavablandıra irəliləyirdim. Hətta cavabları yenidən yoxlamadım. Bilirdim ki, düzgün yazmışam. İmtahanın bitməsinə təxminən 7 dəqiqə qalmış zalı tərk etdim və nəticəmi görəndə çox sevindim.
Mənim 56 yaşım var, imtahandan da 56 bal topladım. Bu mənə ikiqat sevinc yaşatdı. Hətta ürəyimdə arzu etmişdim ki, kaş nəticəm 56 olaydı. Elə də oldu. ARTİ-nin təşkil etdiyi sınaq imtahanında isə 60 bal toplamışdım.
Bu imtahanların keçirilməsinin tərəfdarıyam. Sertifikatlaşdırma müəllimləri öz üzərində işləməyə, biliklərini yeniləməyə və məsuliyyət hissini artırmağa sövq edir. Eyni zamanda əməkhaqqına edilən 35 faizlik artım da müəllimlər üçün ciddi motivasiya mənbəyidir.
Hazırda çox xoşbəxtəm. İnanın ki, sevincimdən ağlamaq istəyirəm. Bu nəticə mənə böyük qürur və motivasiya verdi”.