İki müəllim sertifikatlaşdırmada eyni nəticəni əldə edərək 57 bal topladı.
AzEdu.az xəbər verir ki, Qobustan və Laçın-Ağdam məktəblərində fəaliyyət göstərən iki texnologiya müəllimi müəllimlərin sertifikatlaşdırılması imtahanında eyni nəticəni 57 bal toplayıblar.
Qobustan rayonu Şıxzərli kənd ümumi orta məktəbinin texnologiya müəllimi Nigar Quliyeva imtahanla bağlı bildirib ki, suallar əvvəlcədən gözlənilən formada olub və üç səviyyədə - asan, orta və çətin şəkildə təqdim edilib:
“Əvvəlcədən deyildiyi kimi, suallar üç səviyyədə təşkil olunmuşdu. Hər şey rahat idi və imtahanda çətinlik yaradan ciddi məqam olmadı. Hazırlaşan müəllim üçün imtahan asan keçə bilər.
Özümdən yüksək nəticə gözləyirdim. Biz bu mövzuları tədris etdiyimiz üçün ümumilikdə məlumatlı idik. Həyəcan olsa da, ciddi problem yaşanmadı”.
Digər müəllim Məmmədova Sahabxanım Ərəstun qızı isə Laçın rayonu 34 nömrəli tam orta məktəbdə və eyni zamanda Ağdam rayonu 102 nömrəli məktəbdə Texnologiya müəllimi kimi fəaliyyət göstərir.
O, həmçinin peşə təmayüllü siniflərdə aşpaz müəllimi kimi də çalışır.
Müəllim sualların ümumi səviyyəsini belə qiymətləndirib:
"Suallar çox yaxşı idi. Nə çox çətin, nə də çox asan idi. Hər səviyyəyə uyğun tapşırıqlar vardı. Hazırlıqlı müəllim üçün 50 balı keçmək çətin deyil.
İmtahandan əvvəl həyəcan var idi, amma sualları görəndən sonra keçdi. Təxmin edirdim ki, nəticəm əvvəlki ilə yaxın olacaq və elə də oldu”.
Hər iki müəllim sertifikatlaşdırma imtahanının pedaqoji inkişaf baxımından vacib olduğunu vurğulayıb və bu prosesin müəllimlərin biliklərinin yenilənməsinə töhfə verdiyini qeyd edib.