Azedu.az

Sertifikasiyadan yüksək bal toplayanlar uğurun sirrini belə izah ETDİ

Sertifikasiya

25 İyun 2026, 17:11
Sertifikasiyadan yüksək bal toplayanlar uğurun sirrini belə izah ETDİ

248 nömrəli tam orta məktəbin texnologiya müəllimi Günel Məmmədova müəllimlərin sertifikatlaşdırılması imtahanında 57 bal toplayıb.

Müəllim AzEdu.az-a açıqlamasında bildirib ki, suallar ona rahat və axıcı gəlib və imtahan ümumilikdə onun üçün uğurlu keçib:

"Suallar mənə görə rahat və axıcı idi. İşləyə-işləyə cavab yazarkən düzgün etdiyimi hiss edirdim. Bu, mənim ilk yüksək nəticəm deyil. 2021-ci ildə hazırda çalışdığım məktəbə respublika birinciliyi ilə, 58 balla qəbul olunmuşdum. İndi də 57 bal topladım. Əslində məqsədim də yüksək nəticə idi.

Sualların səviyyəsi yaxşı idi. Orta, asan və çətin suallar vardı. Bu, müəllimin biliyini daha dəqiq şəkildə ortaya çıxarır.

Sertifikasiya müəllimlərin öz üzərində işləməsinə, səhvlərini görməsinə və biliklərini təkmilləşdirməsinə imkan yaradır. Bu, bir növ inkişaf mərhələsidir. İmtahana ətrafımdakıların dəstəyi ilə hazırlaşmışdım.

Sentyabrda şagirdlərimin qarşısına 57 balla çıxmaq mənim üçün çox gözəl hissdir. Ətrafımdakı hər kəs mənim yüksək nəticə göstərəcəyimə inanırdı. Məqsədim 60 bal idi, amma 57 də mənim üçün uğurlu nəticədir. Əziyyətim yerdə qalmadı”.

Qobustan rayonu Göydərə kənd ümumi orta məktəbinin texnologiya müəllimi Elvina Hacıbəyova müəllimlərin sertifikatlaşdırılması imtahanında 54 bal toplayıb. Müəllim bildirib ki, artıq 6 ilə yaxındır pedaqoji fəaliyyətlə məşğuldur və sertifikatlaşdırma prosesini müəllimlərin peşəkar inkişafı baxımından faydalı hesab edir.

Onun sözlərinə görə, imtahanın təşkili və şəraiti qənaətbəxş olub:

“İmtahan şəraiti yaxşı idi. Zalda lazımi şərait yaradılmışdı. Ümumilikdə proses normal keçdi. Suallar arasında bəzi düşündürücü və ikişaxəli tapşırıqlar da var idi. Bu səbəbdən müəyyən məqamlarda tərəddüd yaşadım.

Əslində daha yüksək bal gözləyirdim. Lakin imtahan zamanı müəyyən həyəcan yaşadım. Bəzi suallar üzərində daha çox düşündüm və tərəddüd etdim. Buna baxmayaraq, nəticəmi uğurlu hesab edirəm.

Mənə görə sertifikatlaşdırma müəllimin öz üzərində işləməsinə stimul verir. Müəllim hər zaman yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını inkişaf etdirməlidir. Müasir dövrdə innovativ yanaşmaların tətbiqi çox vacibdir və sertifikatlaşdırma da bu istiqamətdə mühüm rol oynayır.

Mənə hazırlıq prosesində kömək edən, dəstək göstərən hər kəsə təşəkkür edirəm. Həmkarlarıma da demək istəyirəm ki, sertifikatlaşdırma imtahanından çəkinməsinlər. Yaşından asılı olmayaraq hər bir müəllim özünə güvənməli və bu prosesdə iştirak etməlidir. Bu imtahan müəllimlərin inkişafına xidmət edən vacib bir mərhələdir”.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox