“Rəqəmsal məktəb” platforması rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq imkanlarını təmin edən vahid sistemdir.
AzEdu.az xəbər verir ki, bu Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.
Qeyd olunub ki, platforma hazırda Bakı şəhərində yerləşən 354 dövlət ümumtəhsil məktəbində istifadə olunur. 543 mindən artıq şagird, 360 mindən çox valideyn və 44 mindən artıq pedaqoji heyət üzvü olmaqla ümumilikdə 900 mindən çox istifadəçi platformanın imkanlarından aktiv şəkildə istifadə edir.
Bu sistem vasitəsilə şagirdlər, müəllimlər, valideynlər və məktəb rəhbərliyi tədris prosesini daha effektiv şəkildə idarə edə bilirlər.
Əsas məqsəd məktəblərdə tədris prosesinin elektron idarə olunmasını təmin etmək, müəllim–şagird–valideyn əlaqələrini gücləndirmək və təhsildə şəffaflığı artırmaqdır. Platformanın tətbiqi ilə məktəblərin kargüzarlıq əməliyyatlarının əksəriyyəti elektronlaşdırılıb, kağız jurnallardan istifadə mərhələli şəkildə ləğv olunub.
Növbəti tədris ilindən etibarən mərhələli şəkildə platformanın ölkəmizin digər regionlarında da tətbiqi nəzərdə tutulur.