Laçın rayonu 31 nömrəli tam orta məktəbin texnologiya müəllimi Samirə Bayramova müəllimlərin sertifikatlaşdırılması imtahanında 56 bal toplayaraq uğurlu nəticə əldə edib.
Müəllim AzEdu.az-a açıqlamasında bildirib ki, nəticəsindən məmnun olsa da, özündən bir qədər yüksək bal gözləyirmiş:
"Texnologiya fənni üzrə sertifikatlaşdırma imtahanında 56 bal topladım. Hazırda həm sevincli, həm də bir qədər həyəcanlıyam. Suallar müxtəlif səviyyələrdə hazırlanmışdı. Asan, orta və çətin sualların hamısı var idi. Özüm daha yüksək gözləyirdim, amma düşünürəm ki, bu da yaxşı nəticədir.
Bu imtahan müəllimlər üçün çox vacibdir. Sertifikatlaşdırma insanın öz biliklərini yenidən nəzərdən keçirməsinə, onları təkrarlamasına və yeniləməsinə imkan yaradır. Məktəblər bağlandıqdan sonra daha intensiv şəkildə hazırlaşmağa başladım. Bildiklərimizi bir daha təkrarladıq və bu proses bizim üçün faydalı oldu.
Müəllim daim öz üzərində işləməli, bilik və bacarıqlarını inkişaf etdirməlidir. İnsan oxuduqca öz boşluqlarını görür və onları aradan qaldırmağa çalışır. Sertifikatlaşdırma da bu baxımdan müəllimlərin inkişafına təkan verir.
Əməkhaqqının artırılması xəbəri bizi çox sevindirir. Bu, müəllim əməyinə verilən dəyərin göstəricisidir və daha həvəslə çalışmağa stimul verir.
Sentyabrda şagirdlərimin qarşısına daha uğurlu bir müəllim kimi çıxacağam. Mənim üçün müəllim-şagird münasibətləri çox önəmlidir. Bilirəm ki, şagirdlərim də bu nəticəni maraqla gözləyirlər. Onlara bu xəbəri vermək, sevincimi onlarla bölüşmək mənim üçün xüsusi hissdir. Əminəm ki, hər biri mənə yazacaq və nəticəmi soruşacaq. Bu uğuru onlarla paylaşmaq mənə böyük xoşbəxtlik verir”.