Türkiyənin Kütahya şəhərində bir orta məktəbdə keçirilən tədbirdə verilən yeməkdən sonra qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayı 71 nəfərə yüksəlib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktəbdə təşkil olunan tədbir çərçivəsində şagirdlərə və qonaqlara toyuqlu plov verilib.
Yeməkdən qısa müddət sonra bəzi şagirdlər və böyüklərdə ürəkbulanma, qarın ağrısı və qusma kimi şikayətlər yaranıb. Məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.
Həkimlərin apardığı müayinələrdən sonra zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayının 71 nəfərə çatdığı bildirilib. Müalicə alanlardan 48 şagird evə buraxılıb, 23 nəfərin isə xəstəxanalarda müşahidə və müalicəsi davam edir.
Hadisə ilə bağlı araşdırma aparılır, qida nümunələri ekspertizaya göndərilib.