"Təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır".
Bu fikri elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanda tədris ili o qədər də uzun deyil, lakin bəzi yüksək nəticələr göstərən ölkələrdə yay tətili daha qısa olur. Bu baxımdan uzun yay tətillərinin təhsilin keyfiyyətinə təsiri müzakirə mövzusudur.
Maraqlıdır, yay tətilinin qısaldılması şagirdlərin akademik nəticələrinin yaxşılaşmasına real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən İsmayıllı rayonu Elşad Bayramov adına Talıstan kənd tam orta məktəbinin tarix müəllimi, 2022-ci ildə "İlin gənc müəllimi" seçilən Orxan Əhmədov qeyd edib ki, akademik nailiyyətlərin yüksəlməsində əsas rol oynayan amillər tətilin müddəti deyil, tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı və şagirdlərin öyrənmə motivasiyasıdır:

"Yay tətilinin qısaldılması şagirdlərin akademik nəticələrinə müəyyən dərəcədə müsbət təsir göstərə bilər. Araşdırmalar göstərir ki, uzunmüddətli fasilələr zamanı şagirdlər xüsusilə riyaziyyat, xarici dil və davamlı təkrar tələb edən fənlər üzrə bəzi bilik və bacarıqlarını itirirlər. Buna görə də tətil müddətinin azaldılması bu itkilərin qarşısını qismən ala və yeni dərs ilinə keçidi asanlaşdıra bilər.
Mən belə deyərdim ki, akademik nailiyyətlərin yüksəlməsində əsas rol oynayan amillər tətilin müddəti deyil, tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, dərs proqramlarının səmərəliliyi və şagirdlərin öyrənmə motivasiyasıdır. Dünyada yüksək nəticələr əldə edən ölkələrin uğuru yalnız daha qısa yay tətili ilə deyil, həm də güclü təhsil sistemi ilə bağlıdır.
Əgər uzun yay tətili biliklərin unudulmasına səbəb olursa, bunun qarşısını almağın daha effektiv yolları mövcuddur. Məsələn, yay aylarında şagirdlər üçün könüllü yay məktəblərinin təşkili, mütaliə proqramlarının hazırlanması, onlayn tədris platformalarından istifadə, layihə və tədqiqat işlərinin verilməsi biliklərin qorunmasına kömək edə bilər. Həmçinin tədris ilinin əvvəlində qısa təkrar və uyğunlaşma proqramlarının keçirilməsi də yay dövründə yaranan boşluqları aradan qaldırmağa imkan verir. Məsələn, Yaponiya, Cənubi Koreya və Sinqapur kimi ölkələrin uğurunda müəllim hazırlığının səviyyəsi, tədris proqramlarının keyfiyyəti, valideynlərin təhsilə münasibəti və məktəb mühitinin rolu daha böyük əhəmiyyət daşıyır".
Məqsəd tətili mütləq qısaltmaqdan çox, tətil dövründə şagirdlərin öyrənmə ilə əlaqəsini tam itirməməsini təmin etmək olmalıdır:
"Digər mühüm məqam ondan ibarətdir ki, yay tətili yalnız dərsdən uzaq qalmaq demək deyil. Bu müddət uşaqların fiziki və psixoloji cəhətdən dincəlməsi, ailələri ilə vaxt keçirməsi, sosial və yaradıcılıq bacarıqlarını inkişaf etdirməsi üçün də vacibdir. Buna görə də məqsəd tətili mütləq qısaltmaqdan çox, tətil dövründə şagirdlərin öyrənmə ilə əlaqəsini tam itirməməsini təmin etmək olmalıdır.
Nəticə olaraq, yay tətilinin qısaldılması müəyyən müsbət təsir göstərə bilsə də, bilik itkisini azaltmaq üçün ən səmərəli yol tətil müddətində şagirdlərin yaş və maraqlarına uyğun təhsil fəaliyyətlərinə cəlb olunması və tədrisin ümumi keyfiyyətinin yüksəldilməsidir. Bu yanaşma həm istirahət, həm də öyrənmə arasında daha sağlam balans yaradır".