Məktəblərdə yay tətilinin başlaması ilə şagirdlər üç aylıq istirahət dövrünə qədəm qoyurlar. Bu müddət həm dincəlmək, həm də şəxsi inkişaf üçün mühüm fürsətdir.
Maraqlıdır, şagirdlər yay tətilindən necə səmərəli istifadə etməlidirlər və onların gün ərzində dərs oxumağa nə qədər vaxt ayırmaları məqsədəuyğundur?
AzEdu.az mövzu ilə bağlı “İlin gənc müəllim”lərin fikirlərini öyrənib.
Mövzu ilə bağlı "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, ibtidai sinif müəllimi Təranə Nuriyeva bildirib ki, yay tətili uşaqların tamamilə öyrənmə prosesindən uzaq qalması demək deyil; əsas məsələ saatlarla masa arxasında oturmaq yox, istirahətlə inkişaf arasında balans tapmaqdır:

“Mənim fikrimcə, yay tətili şagirdlərin həm istirahət etməsi, həm də özlərini müxtəlif istiqamətlərdə inkişaf etdirməsi üçün ən əlverişli dövrlərdən biridir. Tədris ili ərzində kifayət qədər intensiv məşğul olan uşaqların ilk növbədə fiziki və psixoloji cəhətdən dincəlmələrinə şərait yaradılmalıdır. Lakin bu, onların üç ay ərzində tamamilə öyrənmə prosesindən uzaq qalması demək deyil.
Mən şagirdlərə yay aylarında hər gün mütləq kitab oxumağı, yaşlarına uyğun maraqlı araşdırmalar aparmağı, yeni bacarıqlar öyrənməyi və açıq havada daha çox vaxt keçirməyi tövsiyə edirəm. Bu gün artıq rəqəmsal platformalar, süni intellekt alətləri və müxtəlif təhsil resursları uşaqların öyrənməsini daha maraqlı və əyləncəli edir. Yay tətili həmin imkanlardan faydalanmaq üçün yaxşı fürsətdir.
Dərs çalışmalarına gəldikdə isə, burada əsas məsələ saatlarla masa arxasında oturmaq deyil. İbtidai sinif şagirdləri üçün gündə təxminən 20–30 dəqiqə, yuxarı sinif şagirdləri üçün isə 45 dəqiqədən 1 saata qədər təkrar və inkişafetdirici fəaliyyət kifayət edir. Xüsusilə oxu, yazı, riyazi məntiq və xarici dil bacarıqlarının qorunmasına diqqət yetirilməsi məqsədəuyğundur”.
Yay aylarında öyrənməyə marağını itirməyən şagirdlər məktəbə daha hazırlıqlı və motivasiyalı şəkildə qayıdırlar:
“Yeni tədris ili başlayarkən adaptasiya prosesində çətinlik yaşamamaq üçün yay boyunca müəyyən rejimin saxlanılması, mütəmadi mütaliə, intellektual oyunlar, layihə və yaradıcılıq fəaliyyətləri ilə məşğul olmaq vacibdir. Təcrübə göstərir ki, yay aylarında oxu vərdişini qoruyan və öyrənməyə marağını itirməyən şagirdlər sentyabr ayında məktəbə daha hazırlıqlı və motivasiyalı şəkildə qayıdırlar.
Yay tətilinin ən uğurlu formulu isə balansdır: istirahət etmək, əylənmək, öyrənmək və inkişaf etmək. Bu balans qorunduqda şagird həm gözəl xatirələr toplayır, həm də yeni tədris ilinə uğurlu start verir”.
"İlin gənc müəllimi" müsabiqəsinin qalibi, Azərbaycan dili və ədəbiyyat müəllimi, Əlihüseyn Yaqubov bildirib ki, yayda oxumaq vacibdir, amma həddindən artıq yüklənmək uşaqlar üçün ağır ola bilər:

“3 aylıq istirahət dövrü əslində uşaqların motivasiyası üçün çox önəmli bir vaxtdır. Şəxsi inkişaf baxımından da bu müddət olduqca əhəmiyyətlidir. Bu vaxtdan səmərəli istifadə etmək üçün biz adətən valideynlərə tövsiyə edirik ki, şagirdləri müəyyən tarixi məkanlara, yaxın ərazilərdə yerləşən maraqlı yerlərə və onların emosional vəziyyətini yüksəldəcək məkanlara səyahətə aparsınlar. Təbii ki, bu, onlar üçün çox önəmlidir.
Oxumaq məsələsinə gəldikdə isə, uşaqlar sevdikləri kitabları oxuya və ya onlar üçün maraqlı olan mövzularla bağlı mütaliə edə bilərlər. Gündə 1 saat oxumaq kifayət qədər faydalıdır. Əgər özlərini yaxşı hiss edir və emosional vəziyyətləri yüksək olarsa, bu müddəti hətta 2 saata qədər artırmaq da mümkündür. Yəni yay dövründə oxumaq önəmlidir, vacibdir, hətta mütləqdir. Amma həddindən artıq oxumaq və özünü çox yormaq uşaqlar üçün bir qədər ağır ola bilər”.
Uşaqların yayda qazandığı müsbət emosiyalar yeni dərs ilinə adaptasiyanı asanlaşdırır:
“Təbii ki, yeni dərs ili başlayanda adaptasiya prosesinin daha rahat keçməsi üçün bu məsələ çox önəmlidir. Çünki dərsdən 3 ay tamamilə uzaq qalmaq və sonradan yenidən tədris prosesinə başlamaq uşaqlar üçün bir qədər çətin olur. Hansı fəaliyyətlərə üstünlük verilməlidir sualına gəldikdə isə, uşaqlar müxtəlif rəqs növləri ilə məşğul ola bilərlər. Həmçinin könüllü şəkildə sadə idman növlərinə qatılmaları, müxtəlif əyləncə və tədbirlərdə iştirak etmələri də faydalıdır.
Bütün bunlar insanların zövq və maraqlarından asılıdır. Biz uşaqlara adətən tövsiyə edirik ki, qeyd etdiyim kimi, ən vacib məsələlərdən biri səyahət proqramlarında iştirak etmələridir. Hətta evdə müəyyən məişət işlərində valideynlərə kömək etmələri və bu işlərə xüsusi vaxt ayırmaları da onlar üçün çox müsbət təsir göstərə bilər. Ən vacib məqam isə onların emosional baxımdan tam şəkildə yenilənməsi, müsbət emosiyalar toplaması və yay tətilini xoş təəssüratlarla başa vurmasıdır”.