Azedu.az

Uşaq tətildədir, yoxsa dərsdə? - valideynlər üçün vacib XƏBƏRDARLIQ

Şagirdlər

22 İyun 2026, 09:26
Uşaq tətildədir, yoxsa dərsdə? - valideynlər üçün vacib XƏBƏRDARLIQ

Yay tətilinin başlaması ilə şagirdlər uzun və yorucu tədris ilindən sonra istirahət etmək imkanı qazanırlar. Lakin bu dövrdə valideynlərin yanaşmaları fərqli olur.

Bəzi valideynlər övladlarını müxtəlif kurslar, əlavə dərslər və məşğələlərlə həddindən artıq yükləyərək onların dincəlməsinə kifayət qədər vaxt ayırmırlar.

Digər bir qisim valideyn isə uşaqları yay boyunca tamamilə dərsdən uzaqlaşdırır və təhsil prosesindən əlaqələrini kəsir.

Maraqlıdır, yay tətilində istirahət və təhsil arasında balans necə qurulmalıdır?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Gülnar Orucova danışıb.

Psixoloq qeyd edib ki, tətildə qoyulan düzgün qaydalar uşağın həm istirahətinə, həm də inkişafına xidmət edir:

“Tədris ilində şagirdlər həm fiziki, həm də zehni baxımdan kifayət qədər yorulurlar. Tətil onlara istirahət üçün verilmiş bir vaxtdır. Yəni onlar asudə vaxtlarını düzgün qurmalı, dostları ilə əylənməli, istirahət etməli, gəzməli və sevdikləri oyunları oynamalıdırlar. Bunlar vacibdir, çünki bu zaman uşaq tətildə olduğunun fərqinə varır.

Bəzən valideynlər tədris ilində telefondan istifadəni qadağan edirlər, tətildə isə telefonu verirlər. Amma tətildə telefonu limitsiz şəkildə vermək düzgün deyil, müəyyən bir limit qoyulmalıdır. Uşaq hiss etməlidir ki, o, tətildədir və istirahət edir.

Amma eyni zamanda valideynlər diqqət oyunları təşkil edə, uşaqlarını tarixi yerlərə, muzeylərə apara, kitab oxuda bilərlər. Maraqlı kitablar almaq da faydalıdır. Kitab oxumaq tətil müddətində mütləqdir. Xüsusilə ibtidai sinif şagirdləri üçün tətil dövründə kitab oxumaq vacibdir. Çünki yeni dərs ili başlayanda bəzi uşaqların oxu sürəti zəifləyir, hətta bəziləri sözləri hərfləyərək oxuyurlar. Yəni sürətli oxu bacarığı demək olar ki, sıfıra enir. Ona görə də tətil müddətində, xüsusilə ibtidai sinif şagirdləri mütləq kitab oxumalıdırlar”.

Diqqət oyunları uşaqların həm zehni, həm də sosial inkişafına töhfə verir:

“Bundan sonra sosial aktivliyi artırmaq üçün uşaqlar dostları ilə birlikdə müxtəlif oyunlar oynaya bilərlər. Hazırda diqqət oyunları var ki, bunlar uşaqların həyatında çox vacib rol oynayır. Diqqət oyunu dedikdə mütləq bahalı oyunlar nəzərdə tutulmur. Valideynin hər hansı bir oyuna yüksək məbləğ ödəməsi vacib deyil. Məsələn, domino da belə oyunlardan biridir.

Bəzən valideynlər psixoloqa müraciət edib deyirlər ki, “Psixoloq səninlə domino oynayıb”. Biz fərqli domino növlərindən istifadə edirik. Məsələn, üzərində rəqəmlər olan fiqurlu dominolar var. Daha aşağı yaşlı uşaqlar üçün isə meyvə şəkilləri ilə hazırlanmış dominolar mövcuddur. Bunlar rəqəmləri tanımayan uşaqlar və ya oyunu daha maraqlı etmək məqsədilə istifadə olunur. Məsələn, ailədə iki uşaq olur, biri rəqəmləri tanıyır, digəri isə tanımır. Belə hallarda meyvəli dominolar daha uyğun olur.

Domino özündə bir neçə funksiyanı birləşdirən oyundur. Birincisi, sosiallığı inkişaf etdirir. İkincisi, oyun bacarıqlarını formalaşdırır. Bundan əlavə, gözləmə vərdişini, sürətli düşünmə bacarığını, qalib gəlməyi və məğlub olmağı qəbul etməyi öyrədir. Bunların hamısını uşağa aşılayan bir oyundur. Ona görə də evdə ailə üzvlərinin birlikdə domino oynaması uşaqda bir sıra bacarıqların formalaşmasına kömək edir. Xüsusilə səbirli olmağı və gözləməyi öyrədir”.

Valideynlər saatlarla kurs əvəzinə, gündə bir saatlıq faydalı məşğələlərlə də uşağın inkişafına dəstək ola bilərlər:

“Əsas məsələ yuxu rejiminə nəzarət etməkdir. Çünki yuxu rejimi uşağın həyatı üçün çox vacibdir. Yuxu rejiminə nəzarət etməyin səbəbi odur ki, məsələn, uşaq gec saatlarda yatırsa, bu, onun təlim fəaliyyətinin, xüsusilə də yeni dərs ilində, aşağı düşməsinə səbəb ola bilər. Eləcə də yuxu rejiminin pozulması əsəbilik, aqressiya və narahatlıq yaradır.

Valideynlər uşağı saatlarla kurslara qoymaq əvəzinə, qısa müddətli məşğələləri özləri təşkil edə bilərlər. Eyni zamanda keçilmiş mövzuların qısa təkrarını verə bilərlər və bununla da uşağı dərsdən tam uzaqlaşdırmamış olarlar, həm də o, istirahət etmiş olar. Amma gün ərzində nəzərdə tutduğum vaxt təxminən bir saatdır”.

TƏCİLİ! Rusiyadan Türkiyəyə ŞOK HÜCUM - Gəmi vuruldu, ö*lənlər var
Son xəbərlərDaha çox