Bu ildən etibarən MİQ imtahanında iştirak üçün ödəniş tətbiq olunması təhsil ictimaiyyətində müxtəlif müzakirələrə səbəb olub.
Bəzi müəllimlər hesab edirlər ki, ödəniş mexanizmi imtahanda iştirak edənlərin sayına təsir göstərə və nəticədə rəqabət mühitini dəyişə bilər.
Məhz bu səbəbdən müəllimlər arasında imtahanın ötən illərlə müqayisədə daha asan olacağı barədə fərqli fikirlər səsləndirilir.
Bəzi müəllimlər ödəniş səbəbindən imtahanın daha asan olacağını düşünürlər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktoru İlkin Həsənov qeyd edib ki, bu il MİQ imtahanının ödənişli olacağı məlumdur, lakin imtahanın ödənişli olması imtahanın daha asan olacağı anlamına gəlmir:

“Bu, sadəcə imtahanın təşkili prosedurunda edilən müəyyən dəyişiklikdir və imtahanın məzmunu ilə heç bir əlaqəsi yoxdur. ARTİ tərəfindən 2025-ci ilin oktyabr ayında imtahanın məzmununu əks etdirən çərçivə sənədi təqdim edilib. Həmin sənəddə imtahanın çətinlik səviyyəsinin artırılması və ya azaldılması ilə bağlı hər hansı məqama yer verilməyib.
MİQ-in ödənişli olmasına gəldikdə isə, hesab edirəm ki, bu addım müəyyən zərurətdən irəli gəlib. Çünki hər il qeydiyyatdan keçən namizədlərin əhəmiyyətli hissəsi imtahanda iştirak etmir. Yeni qayda, əsasən, müəllim olmaq məqsədi daşımayan, sadəcə bilik və bacarıqlarını sınamaq üçün imtahana yazılan şəxslərin iştirakına müəyyən təsir göstərəcək”.