Azedu.az

"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"

İmtahanlar və qəbul məsələləri

12 İyun 2026, 09:19
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"

Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində bildirib ki, bu gün şagirdlər peşələri deyil, sadəcə imtahan qruplarını tanıyırlar. Yəni balı çatsa həkim, çatmasa psixoloq, o da alınmasa müəllim və ya aqronom olmağı düşünürlər.

Maraqlıdır, bu gün əksər şagirdlər niyə gələcək ixtisaslarını şüurlu şəkildə seçə bilmirlər? Bunun kökündə daha çox valideyn təzyiqi dayanır, yoxsa kütləvi trendlərə kor-koranə uyğunlaşmaq meyli? Ümumiyyətlə, bu sistemli problemin həlli üçün hansı fundamental addımlar atılmalıdır?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən “İlin gənc müəllimi” müsabiqəsinin qalibi, repetitor müəllim və hazırlıq kursunun rəhbəri Xəzri Muradov bildirib ki, şagirdlərin əhəmiyyətli hissəsi universitetə təhsil almaq üçün deyil, sadəcə tələbə olmaq üçün üz tutur:

1421804

“Emin Əmrullayevin səsləndirdiyi fikir əslində bu günün deyil, illərin problemidir. Təhsil sahəsində çalışan biri kimi bunu uzun illərdir müşahidə edirəm. Dəfələrlə qeyd etmişəm ki, bizim əsas problemimiz şagirdlərin imtahan verməsi deyil, məqsəd qoymamasıdır.

Bu gün bir çox şagird gələcəyini planlaşdırmır. Onlar peşə seçmirlər, sadəcə bal seçirlər. Məntiq belə olur: balım yüksək olsa həkim olum, alınmasa müəllim və ya başqa bir ixtisas seçərəm. Halbuki peşə insanın ömürlük taleyidir, imtahan nəticəsi isə sadəcə bir mərhələdir.

Problemin kökündə həm valideyn təsiri, həm də sosial mühit dayanır. Lakin əsas məsələ məqsəd boşluğudur. Şagirdlərin əhəmiyyətli hissəsi universitetə təhsil almaq üçün deyil, tələbə olmaq üçün gedir. Xüsusilə rayonlarda bəzən belə bir düşüncə formalaşır ki, əsas Bakıya düşməkdir, fərqi yoxdur hansı fakültəyə qəbul olunursan. Məqsəd peşə sahibi olmaq yox, paytaxtda yaşamaq, sərbəstlik əldə etmək və yeni mühitə düşmək olur".

“Şagirdə kiçik yaşlardan məqsəd psixologiyası aşılanmalıdır”

“Mən qonşu ölkələrin təhsil sistemləri və tələbələri ilə yaxından maraqlanıram. Orada gənclər daha çox "Gələcəkdə hansı sahədə faydalı ola bilərəm?", "Hansı ixtisas həm mənə, həm cəmiyyətimə, həm də dövlətimə xidmət edə bilər?" sualları üzərində düşünürlər. Təəssüf ki, bizdə bu düşüncə tərzi ilə daha az rastlaşırıq.

Bir dəfə şagirdlərimdən birinə Qarabağ Universitetini tövsiyə edirdim. Deyirdim ki, təhsil keyfiyyəti baxımından bu universitet sənin üçün yaxşı seçim ola bilər. Cavabı belə oldu: "Müəllim, orada gəzməyə yer yoxdur". Bu cavab əslində problemin mahiyyətini açır. Təhsil yox, əyləncə meyar kimi götürülürsə, artıq söhbət fərdi seçimdən deyil, düşüncə böhranından gedir.

Bununla belə, məqsədli gənclərimizin də sayı az deyil. Məsələn, ötən il şagirdim Leyla Ramazanova 597 bal toplayaraq ingilis dili müəllimliyi ixtisasına qəbul oldu. Lakin iki aydan sonra təhsilini yarımçıq qoyub geri qayıtdı. Çünki məqsədi müəllim olmaq deyildi, hüquqşünas olmaq istəyirdi. Bu il yenidən hazırlaşdı və 650-dən yuxarı nəticə göstərdi. Məqsədi olan insan balın deyil, xəyalının arxasınca gedir. Belə gənclər cəmiyyət üçün nümunədir.

Mən hesab edirəm ki, problemin həlli yalnız qəbul qaydalarını dəyişməklə mümkün deyil. Burada məktəbin, ailənin və məktəb psixoloqunun üzərinə böyük məsuliyyət düşür. Şagirdə kiçik yaşlardan məqsəd psixologiyası aşılanmalıdır. Biz daim isim, sifət, triqonometriya öyrədirik, amma həyat məqsədi qurmağı kifayət qədər öyrətmirik. "Pul əl çirkidir, lazımsızdır" deyə-deyə şagirdlərimizin düşüncələrini kasıblaşdırmışıq. Halbuki məqsədsiz gənclərlə işləmək daha çətindir"

“Müəllim məqsədsizdirsə, məqsədli şagird yetişdirə bilməz”

“Ancaq bir məqamı da unutmayaq, vay o günə ki, müəllimin özü məqsədsiz olsun. Məqsədi olmayan müəllim məqsədli şagird yetişdirə bilməz. Əgər müəllim dərsdə yalnız borcunu, kreditini və gündəlik problemlərini düşünürsə, onun şagirdə böyük hədəflər aşılamaq imkanları da məhdudlaşır. Buna görə də problemin həllinə şagirddən deyil, müəllimdən başlamaq lazımdır.

Məncə, ilk addımlardan biri müəllimlər üçün genişmiqyaslı təlim və inkişaf proqramlarının təşkil edilməsidir. Müəllimlərə yalnız fənn bilikləri deyil, liderlik, motivasiya, karyera istiqamətləndirilməsi və məqsəd formalaşdırılması bacarıqları da qazandırılmalıdır. Çünki şagird çox zaman hara yönləndirilirsə, ora gedir.

Müasir pedaqoji araşdırmalar göstərir ki, məktəblərdə erkən yaşlardan karyera istiqamətləndirilməsi proqramlarının tətbiq olunduğu ölkələrdə şagirdlərin peşə seçimində səhv etmə ehtimalı əhəmiyyətli dərəcədə azalır. Şagird öz maraqlarını, qabiliyyətlərini və gələcək əmək bazarını nə qədər erkən tanıyırsa, bir o qədər şüurlu qərar verir.

Biz şagirdlərimizi elə yetişdirməliyik ki, onlar həm öz gələcəklərini qursunlar, həm xoşbəxt yaşasınlar, həm də dövlətə və cəmiyyətə faydalı vətəndaş olsunlar. Unutmayaq ki, insanı idarə edən beyindir. İlk növbədə düşüncələri formalaşdırmaq lazımdır. Bu isə bir günə baş verməyəcək. Çünki illərlə yaranmış boşluqları doldurmaq zaman tələb edir. Ancaq bu gün başlamasaq, sabah məqsədsiz gənclik problemi daha da dərinləşəcək".

TƏCİLİ! İrandan ABŞ-yə AĞIR ZƏRBƏ - Qırıcılar məhv edildi!
Son xəbərlərDaha çox