Keniyanın Nakuru şəhərində yerləşən qızlar internat məktəbində baş verən və 16 şagirdin həlak olduğu yanğınla bağlı aparılan istintaqda yeni detallar ortaya çıxıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Keniya Cinayət Axtarış İdarəsi (DCI) hadisənin qəsdən törədilmiş ola biləcəyi ehtimalını araşdırdığını açıqlayıb.
Rəsmilər bildiriblər ki, aparılan ilkin araşdırmalar nəticəsində 8 qız şagird yanğının planlaşdırılması və törədilməsi ilə əlaqəli şübhəli şəxslər kimi müəyyən edilib və saxlanılıb.
İstintaq çərçivəsində şagirdlər, müəllimlər və şahidlərin ifadələri toplanıb, həmçinin təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb. Hadisənin bütün detalları üzrə genişmiqyaslı istintaq davam edir. Prosesə cinayət axtarış mütəxəssisləri, hadisə yeri ekspertləri, məhkəmə-tibbi və DNT laboratoriyaları da cəlb olunub.
Qeyd edək ki, Nakuru şəhərində gecə saatlarında baş verən yanğın nəticəsində 16 şagird həyatını itirib, 79 şagird isə yaralanıb.