Dil öyrənmə sahəsində aparılan araşdırmalar xarici dillərin hamısının eyni çətinlik səviyyəsinə malik olmadığını, lakin bu fərqin əsasən fərdi və struktur amillərdən asılı olduğunu ortaya qoyur.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, mütəxəssislər bildirirlər ki, bir dilin “asan” və ya “çətin” olması onun dil ailəsi, yazı sistemi, qrammatik quruluşu və ana dillə oxşarlığı ilə birbaşa bağlıdır.
Eyni dil ailəsinə aid olan dillər daha çox ortaq xüsusiyyətlər daşıdığı üçün öyrənilməsi nisbətən asan hesab olunur.
Dil mütəxəssislərinə görə, türk dilləri kimi eyni kökdən gələn dillər bir-birinə daha çox bənzədiyi üçün öyrənilməsi daha asan ola bilər. Əksinə, ingilis, yapon və ya çin dili kimi fərqli yazı sistemlərinə və quruluşa malik dillər daha çox çətinlik yaradır.
Xüsusilə Çin və Yapon dillərində hərflər səs deyil, söz və ya söz hissələrini ifadə etdiyi üçün oxu və yazı bacarıqlarının mənimsənilməsi daha uzun vaxt tələb edir.
Araşdırmalara görə, körpələr istənilən dili təbii şəkildə və oxşar müddətdə öyrənə bilirlər. Onların beyni müxtəlif dilləri eyni anda mənimsəyə biləcək şəkildə inkişaf edir. Bu səbəbdən mütəxəssislər bildirirlər ki, dil öyrənmədə “fitri qabiliyyət” mühüm rol oynayır.
Artıq bir dil bilən şəxslər üçün yeni dilin çətinlik səviyyəsi dəyişir. Ana dilinə oxşar dillər daha asan, fərqli struktura malik dillər isə daha çətin qavranılır. Xüsusilə ton (səs tonu) sisteminə malik dillər öyrənənlər üçün əlavə çətinlik yaradır.
Mütəxəssislər vurğulayırlar ki, hər bir dil öyrənilə bilər. Fərq əsasən vaxt, motivasiya və dilin struktur xüsusiyyətlərindən asılıdır. Yaşından asılı olmayaraq, düzgün yanaşma ilə istənilən dilə yiyələnmək mümkündür.