Azedu.az

Sosial media uğura mane olur? - Psixoloqdan abituriyentlərə vacib TÖVSİYƏ

Şagirdlər

25 May 2026, 09:10
Sosial media uğura mane olur? - Psixoloqdan abituriyentlərə vacib TÖVSİYƏ

İmtahana hazırlaşan bir çox abituriyent düşünür ki, yüksək nəticə əldə etmək üçün sosial mediadan və sosial mühitdən tamamilə uzaqlaşmaq lazımdır. Buna görə də bəziləri bütün sosial media hesablarını bağlayır və bütün diqqətlərini yalnız dərsə yönəldirlər.

Digər tərəfdən isə sosial mediadan aktiv istifadə etməsinə baxmayaraq yüksək nəticə göstərən abituriyentlər də var.

Bu isə belə bir sual yaradır: Sosial mediadan tamamilə uzaqlaşmaq abituriyentin diqqətini artırır, yoxsa onu sosial və emosional baxımdan yorur?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Gülnar Orucova danışıb.

Psixoloq qeyd edib ki, sosial medianı tamamilə bağlamaq və bütün günü yalnız dərslə məşğul olmaq emosional yorğunluq yarada bilər:

“Təkcə abituriyentlər arasında yox, həm də abituriyentlərin valideynləri arasında belə bir fikir yaranıb ki, uğur üçün dərslərdən başqa hər şeydən uzaqlaşmaq lazımdır. Yəni sosial media, dostlarla görüşlər, asudə vaxtın keçirilməsi, kinoya getmək, idmanla məşğul olmaq kimi fəaliyyətlərin hamısı məhdudlaşdırılmalı, bütün vaxt yalnız dərslərə sərf olunmalıdır ki, uğurlu nəticə əldə edilsin.

Ümumiyyətlə, sosial medianı tamamilə bağlamaq yox, ondan düzgün istifadə qaydasını bilmək daha vacibdir. Balanslı istifadə önəmlidir. Yəni sosial mediadan düzgün istifadə etsəniz, bu faydalı ola bilər. Deyirlər ki, “Həyatda zərərli heç nə yoxdur, sadəcə zərərli bir hədd var". O həddi gözləməsək, təbii ki, bu bizə zərər verəcək. Ümumiyyətlə, sosial medianı tamamilə bağlamaq və bütün günü yalnız dərslə məşğul olmaq emosional yorğunluq yarada bilər”.

Sosial mediadan balanslı istifadə etmək lazımdır:

“Gəlin bunun birinci mənfi tərəflərini deyim. Sosial mediadan həddindən artıq istifadə diqqəti dağıdır. Xüsusilə də qısa videolar var ki, insan onlara baxdıqca diqqətin mərkəzləşmə müddəti getdikcə azalır. Eyni zamanda sosial media bildirişləri də diqqəti yayındırır. Sosial şəbəkələrdən hər dəqiqə gələn bildirişlər insanın fokusunu pozur. Bundan əlavə, sosial mediadan uzun müddət istifadə yuxusuzluq probleminə də səbəb ola bilər.

Sosial mediadan həddindən artıq istifadə edildikdə müqayisə hissi yaranır; insan davamlı olaraq özünü başqaları ilə müqayisə edir. Yəni həddindən artıq istifadə, bəli, insana bir çox zərər verə bilər. Amma sosial media sənin maraq dairəndədirsə, bu maraq dairəsi pozulanda və ya həyatında artıq başqa maraqlı heç nə qalmayanda, sosial mediadan ayrılmaq çətin olur. Ona görə də balanslı istifadə etmək lazımdır”.

Əgər biz bu gün uğurlu nəticə əldə etmək istəyiriksə, bunu yalnız oxumaqla qazanmaq mümkün deyil:

"Yəni demək istədiyim odur ki, uğurlu nəticə təkcə oxumaqdan ibarət deyil. Uğurlu nəticə həm də zehni və emosional sağlamlıqdan asılıdır. Əgər biz bu gün uğurlu nəticə əldə etmək istəyiriksə, bunu yalnız oxumaqla qazanmaq mümkün deyil. Biz motivasiyamızı yüksək saxlamalı, özümüzə inanmalıyıq.

Biz sosial şəbəkələrdən uzaqlaşa bilərik, amma bu uzaqlaşmanı istəmədən etsək, bu bizdə narahatlıq yarada bilər. Bu, emosional gərginlik yarada, motivasiyamızı azalda, əhvalımızı pisləşdirə və bizi narahat edə bilər.

Sadəcə, biz görürük ki, bəzən yüksək nəticə toplayan abituriyentlər çıxış edib deyirlər ki, “Bəli, mənim sosial mediam yox idi...” Bu zaman insanlarda belə bir fikir yaranır ki, əgər sosial media varsa, bu uğursuzluğa aparır. Xeyr!”.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox