Stanford Universitetinin alimləri insan orqanizminin yaşlanma prosesinin düşündüyümüz kimi yavaş və davamlı deyil, müəyyən yaş dövrlərində kəskin şəkildə sürətləndiyini açıqlayıb.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, insanlar əsasən 44 və 60 yaşlarında iki böyük bioloji dəyişiklik dalğası yaşayırlar.
Alimlər yaşı 25-70 arasında dəyişən 108 nəfəri uzun illər müşahidə edərək onların bioloji nümunələrini analiz ediblər. Araşdırma zamanı RNA, zülallar, lipidlər və mikrobiom daxil olmaqla 135 mindən çox bioloji göstərici incələnib.
Nəticələr göstərib ki, Alzheimer və ürək-damar xəstəlikləri kimi yaşlanma ilə əlaqəli problemlərin riski zamanla tədricən deyil, məhz bu iki yaş mərhələsindən sonra kəskin şəkildə artır. Tədqiqat zamanı müşahidə olunan molekulların təxminən 81 faizində 44 və ya 60 yaş dövründə ciddi dəyişiklik qeydə alınıb.
Alimlərin sözlərinə görə, 44 yaş ətrafında lipid, kofein və alkoqol metabolizması ilə yanaşı dəri və əzələ toxumalarında mühüm dəyişikliklər baş verir. Təxminən 60 yaşda isə immun sistemi, böyrək funksiyaları və karbohidrat metabolizması ilə bağlı proseslərdə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr yaşlanma ilə bağlı xəstəliklərin daha erkən aşkarlanması və profilaktikası üçün yeni imkanlar yarada bilər.