Azedu.az

Buraxılış imtahanlarının vaxtı 30 dəqiqə artırılmalıdır - TƏKLİF

Buraxılış imtahanları

28 Aprel 2026, 15:12
Buraxılış imtahanlarının vaxtı 30 dəqiqə artırılmalıdır - TƏKLİF

2027-ci ildən etibarən buraxılış imtahanlarında xarici dil fənni üzrə esse yazma komponentinin əlavə olunacağı açıqlanıb. Bununla paralel olaraq DİM tərəfindən imtahan müddətinə əlavə 15 dəqiqə artırılması barədə qərar qəbul edilib. Lakin abituriyentlər arasında bu əlavə vaxtın xüsusilə esse yazısı üçün kifayət etməyəcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Eyni zamanda, bu il keçirilən buraxılış imtahanlarında da bir çox abituriyent sualların düşündürücü və vaxt aparan xarakter daşıdığını, bilik səviyyələri yetərli olsa da, vaxt çatışmazlığı səbəbindən bütün sualları tam cavablandıra bilmədiklərini qeyd ediblər.

Maraqlıdır, sualların vaxtaparan olması və yeni esse komponentinin əlavə edilməsi nəzərə alınaraq, imtahan müddətinin 15 dəqiqə artırılması abituriyentlər üçün yetərli olacaq?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) danışıb.

O qeyd edib ki, əgər mətnlərin həcmi böyük saxlanılacaqsa, bu zaman əlavə vaxtın 30 dəqiqə olaraq müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı:

“Dövlət İmtahan Mərkəzi tərəfindən 2027-ci ildən etibarən xarici dil fənn blokuna 100 sözlük esse yazısı tələbi əlavə olunacaq. Təbii ki, abituriyentlər bu tapşırığı uyğun şəkildə yerinə yetirməlidirlər.

Hazırda bu formatda sınaq imtahanları keçirilir və abituriyentlər əlavə vaxt verilmədən də esse tapşırığını icra edə bilirlər. Bu baxımdan 15 dəqiqə əlavə vaxtın ayrılması ümumi yanaşma kimi ən azı ədalətli hesab oluna bilər.

Lakin nəzərə almaq lazımdır ki, imtahanda həm Azərbaycan, həm də xarici dildə oxuyub-anlama və dinləyib-anlama tapşırıqları təqdim olunur. Bəzi hallarda mətnlərin həcmi böyük olur və bu da abituriyentlər üçün vaxt çatışmazlığı yaradır. 15 dəqiqəlik əlavə vaxt yalnız o halda yetərli ola bilər ki, təqdim olunan mətnlər qısa və daha rahat qavranılan olsun.

Əks halda, yəni mətnlər həcmli qalarsa, əlavə 15 dəqiqə vaxt bölgüsünə mənfi təsir göstərə bilər. Bu səbəbdən belə vəziyyətdə imtahan müddətinin 30 dəqiqə artırılması daha məqsədəuyğun hesab olunur.

Əgər mətnlər qısa seçilər və suallar sadə, aydın şəkildə tərtib olunarsa, o zaman 15 dəqiqəlik əlavə vaxt kifayət edə bilər".

TƏCİLİ! Moskvada dəhşətli olay - Ö*LƏNLƏR var!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox