Ötən gün 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub.
Onlardan biri də Mingəçevir şəhəri Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi Məcidli Burlaxatun Bəhruz qızıdır.
AzEdu.az bu münasibətlə Burlaxatun Məcidli ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
O, qeyd edib ki, bu xəbəri aldığı zaman hazırlıqda olub:
“Bu xəbəri elə zənglə öyrəndim. Sevincimi ilk olaraq zəngdə valideynlərimlə, daha sonra müəllim və hazırlıq yoldaşlarımla bölüşdüm. İmtahana gedəndə normal olaraq çox həyəcanlı idim. İmtahandan sonra cavablarımı meyarlara əsasən yoxlamışdım və 290-dan çox bal gözləyirdim.
İmtahanda hər səviyyədə suallar var idi, lakin xüsusilə ətraflı və düşündürücü suallar daha çox vaxt aparırdı. Birinci ixtisas qrupu üzrə hazırlaşıram və memarlıq ixtisası üzrə təhsil almaq istəyirəm. Gələcəkdə təhsilimi xarici ölkədə davam etdirməyi planlaşdırıram.
Fikrimcə imtahana sırf yüksək bal yığmalıyam kimi deyil, sadəcə keçid mərhələsi kimi yanaşmaq lazımdır. Çünki bu yanaşma insanın mental sağlamlığına da təsir göstərir. Gündəlik dərslərə məsuliyyətlə yanaşmaq və sınaqlarda edilən səhvlərdən nəticə çıxarmaq mənim inkişafıma çox kömək edib.
Hər şagirdin özünə uyğun öyrənmə üsulu var. Mən isə əsasən müəllimləri diqqətlə dinləyib, anlaşılmayan hissələri soruşaraq öyrənməyə çalışmışam".