https://www.zirve.edu.az/
18.01.2019 17:33
“Peşəkarlar bu təhsil qurumundan uzaqlaşmışdılar” – Qocaman mütəxəssis

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyinə tabe olan  Akkreditasiya və Nostrifikasiya İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi, Respublika Elmi-Pedaqoji Kitabxanası, “Təhsil”  Respublika İdman Mərkəzi ləğv olunub.

Fərmandan  çıxarışa  əsasən,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Azərbaycan Respublikası Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi  və  Respublika  Elmi-Pedaqoji Kitabxanası vahid qurumda,  Respublika  Bədən  Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzi də ayrıca vahid qurumda birləşdirilir.

Təhsil mütəxəssisi Allahverdi Eminov AzEdu.az-a açıqlaması zamanı ləğv olunan və birləşdirilən qurumlar barədə danışıb. O, qeyd edib ki, TİPİİ əvvəlki statusuna  qaytarılmalı idi:

“Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, təxminən, 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Keçmiş Təhsil naziri əvvəlki qurumu bununla əvəzlədi. Bu qurum yarananda ordan-burdan kadrları gətirdilər, peşəkarlar da uzaqlaşdı. Düşünürəm ki, məhz TİPİİ-nin  əvvəlki statusu qaytarılmalı idi. Lakin ümumiyyətlə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun adı da çox qəribə idi, lap texniki peşə məktəbinin adına oxşayırdı”.