Azedu.az

Rəqəmsal dünya uşaqları “udur” - valideynlər üçün vacib XƏBƏRDARLIQ

Şagirdlər

20 Aprel 2026, 15:28
Rəqəmsal dünya uşaqları “udur” - valideynlər üçün vacib XƏBƏRDARLIQ

Türkiyədə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini artırmaq məqsədilə hazırlanmış yeni tənzimləmə paketində uşaqlar üçün xüsusi SIM kartların tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi, zərərli məzmun və aqressiv oyunların bloklanması, həmçinin VPN istifadəsinə nəzarətin artırılması nəzərdə tutulur.

Belə bir modelin Azərbaycanda tətbiqi 18 yaşdan kiçik istifadəçilərin internetdən daha təhlükəsiz istifadəsinə necə təsir göstərə bilər?

AzEdu.az-a mövzu ilə bağlı IT mütəxəssisi Fərhad Mirəliyev açıqlama verib.

O qeyd edib ki, texniki prosedurlar və qorunma alətləri ikinci dərəcəlidir, əsas məsuliyyət isə valideynlərin üzərinə düşür:

“Sadalanan texniki prosedurlar və qorunma alətləri, mənim fikrimcə, ikinci dərəcəlidir. Əgər məsələyə diqqətlə baxsaq, görərik ki, bu sahədə bir nömrəli məsuliyyət valideynlərin üzərindədir. Eyni zamanda məktəbin, müəllimlərin və psixoloqların da rolu böyükdür.

Təəssüf ki, hazırda cəmiyyətdə müşahidə edirik ki, valideynlər tərəfindən rəqəmsal məzmuna çıxış hər zaman nəzarət altında olmur. Valideynlər övladlarına planşet, mobil telefon və ya kompüter verərkən çox vaxt təhlükəsiz mühit təmin edə bilmirlər. Əksər hallarda cihazlar sadəcə təqdim olunur ki, uşaq ya dərs oxusun, ya da əylənsin. Lakin həmin vaxt ərzində uşağın konkret olaraq nə ilə məşğul olduğu, hansı məzmunlara daxil olduğu çox zaman nəzarətdən kənarda qalır.

Məhz buna görə valideynlərin əsas vəzifəsi daha ayıq-sayıq, daha ciddi və daha məsuliyyətli yanaşmaqdır. Rəqəmsal mühitə və məzmuna çıxış mütləq nəzarət altında saxlanılmalı və müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır".

Məktəblərdə psixoloqlar daha aktiv olmalı, uşaqların psixoloji vəziyyəti və mümkün ailədaxili problemlər vaxtında araşdırılmalıdır:

“Məktəblərdə də bu istiqamətdə işlər daha fəal aparılmalıdır. Xüsusilə məktəb psixoloqları daim aktiv olmalı, diqqətdən kənarda qalan uşaqlarla fərdi və profilaktik söhbətlər aparmalıdırlar. Onların hər hansı psixoloji problemlərinin olub-olmadığını araşdırmalıdırlar. Bəzi hallarda uşaqlar ailədaxili münaqişələrə və ya zorakılığa məruz qala bilirlər ki, bu da onların psixologiyasına mənfi təsir göstərir və gələcəkdə ciddi problemlərə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq, məktəb, cəmiyyət və valideynlər birgə fəaliyyət göstərməli, gələcək nəslin sağlam psixologiya və sağlam düşüncə ilə böyüməsi üçün səylərini birləşdirməlidir.

Digər texniki məsələlər isə əsas hədəfə çatmaq üçün köməkçi vasitələrdir. Məsələn, internet trafikinin analizi, uşağın daxil olduğu platformaların izlənməsi, proqram təminatında məhdudiyyətlərin tətbiqi və ya istifadə vaxtının tənzimlənməsi kimi üsullar bu qəbildəndir".

TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox