9 mart tarixində keçirilən buraxılış imtahanın nəticələri elan olunub. İmtahandan üç nəfər maksimum nəticə göstərib.
Onlardan biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğludur.
Buraxılış imtahanında maksimum nəticə göstərən Aydın Həsənli öz nəticəsi ilə bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.
“Mən nəticəni öyrənəndə evdə idim. Məktəbdən yeni gəlmişdim. Sinif yoldaşım dedi ki, cavablar artıq açıqlanıb. Açığı, özüm baxmağa bir az tərəddüd etdim, telefonu bacıma verdim, o baxdı. Nəticəni də mənə bacım dedi. Əslində, nəticə ilə bağlı müəyyən gözləntim var idi, təxminən 300-ə bal gözləyirdim. Amma maksimum nəticə olacağına əmin deyildim. Yəni 300 də ola bilərdi, bir az aşağı da. Ona görə nəticəni eşidəndə sevindim, amma bu, mənim üçün tam gözlənilməz də olmadı. Mən birinci ixtisas qrupu üzrə hazırlaşıram və kompüter elmləri ixtisasını seçmişəm.
Gələcəkdə Bakı Ali Neft Məktəbində təhsil almaq istəyirəm. Planım odur ki, bakalavr təhsilimi burada alım, daha sonra isə magistratura təhsilimi xarici ölkədə davam etdirim.İmtahanın özünə gəldikdə isə deyə bilərəm ki, suallar ümumilikdə nə çox asan idi, nə də həddindən artıq çətin. Orta səviyyəli suallar da var idi, daha çətin və diqqət tələb edən suallar da. Məncə, əsas məsələ çətinlikdən çox sualların vaxt aparması idi. Yəni bir çox sual diqqətlə işlənməli idi və bu da vaxt baxımından müəyyən çətinlik yaradırdı. Ümumilikdə isə imtahan normal keçdi.
Mən Respublika fənn olimpiadalarının medalçısıyam, ona görə də blok imtahanında iştirak etməyəcəyəm. Universitetə müsabiqədənkənar qəbul olmaq hüququ qazanmışam. Bu da mənim üçün əlavə üstünlükdür və gələcək planlarımı daha rahat qurmağa imkan verir.Seçdiyim ixtisasla bağlı deyə bilərəm ki, informatikaya və kompüter sahəsinə marağım uşaqlıqdan var. Bu sahə həm maraqlıdır, həm də perspektivlidir. Ona görə kompüter elmlərini seçdim və bu istiqamətdə inkişaf etmək istəyirəm".
Şagirdlərə tövsiyəm odur ki, özlərinə aşağı hədəflər qoymasınlar
"Bəzən görürük ki, kimlərsə 200-250 balı hədəf seçir və ona çatmayanda məyus olur. Məncə, hər zaman maksimum hədəf qoymaq lazımdır. Bunun üçün isə çox çalışmaqla yanaşı, düzgün çalışmaq da vacibdir. Dərslərə diqqətlə yanaşmaq, mövzuları dərindən mənimsəmək lazımdır.
İmtahan zamanı isə ən vacib məqamlardan biri diqqətli olmaq və həyəcanı idarə etməkdir. Təbii ki, insan həyəcanlanır, bu normaldır. Amma bunu nəzarətdə saxlamaq lazımdır. Mən ümumiyyətlə imtahana həyatın bir mərhələsi kimi baxıram, yəni çox da böyük stressə çevirməyə ehtiyac yoxdur.
Ailə üzvlərim və müəllimlərim mənim yüksək nəticə toplayacağımı gözləyirdilər. Mən əvvəllər də yaxşı nəticələr göstərmişdim, ona görə bu nəticə onlar üçün tam sürpriz olmadı. Amma yenə də hamı sevindi, mənim üçün də onların dəstəyi və inamı çox önəmlidir".