Valideynlər arasında son zamanlarda belə fikirlər səsləndirilir ki, “Son zəng” tədbirləri əlavə maliyyə xərclərinə səbəb olur və imtahan ərəfəsində şagirdlərin diqqətini əsas hazırlıq prosesindən yayındırır. Hətta bəzi valideynlər “şagirdlər imtahana hazırlaşsın, rəqsə getsin, yoxsa dərzidə paltar tikdirməklə məşğul olsun?” kimi narahatlıqlarını da ifadə edirlər.
Maraqlıdır, “Son zəng” tədbirlərinin ləğv olunması valideynlərin bu narahatlıqlarını azalda və şagirdlərin imtahanlara daha çox fokuslanmasına şərait yarada bilərmi?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov danışıb.
O qeyd edib ki, "Son Zəng" tədbirinin həddindən artıq təmtəraqlı keçirilməsi məqsədəuyğun deyil:
"Burada məsələ son zəng tədbirinin ləğv olunmasından çox, onun daha sadə, daha yadda qalan və eyni zamanda valideynlərə və şagirdlərə əlavə maddi yük yaratmayan formada təşkili ilə bağlıdır. Bu, bir məktəbi bitirmə tədbiridir və ona görə də onun həddindən artıq təmtəraqlı keçirilməsi də məqsədəuyğun deyil.
Bu orta təhsildi. Şagirdlər 11 il bir sinifdə təhsil alırlar və məzun olarkən məktəbdən xoş təəssüratla ayrılmaları vacibdir. Hesab edirəm ki, bu tədbiri daha bədii, daha yaddaqalan və eyni zamanda əyləncəli şəkildə, lakin az xərclə təşkil etmək mümkündür.
Təbii ki, burada video çəkilişi və digər bəzi xərclər ola bilər, lakin məktəbin bunun üçün geniş büdcəsi yoxdur. Arzuolunandır ki, bu məsələ valideyn şuraları tərəfindən müzakirə olunsun. Məsələn, bəzi ölkə təcrübələrində özəl şirkətlər belə son zəng tədbirlərinə sosial məsuliyyət çərçivəsində sponsorluq edirlər".
Məktəb rəhbərliyinin hər hansı bir təzyiq göstərməsi doğru deyil. "Son Zəng" tədbirinin necə keçirilməsi, tamamilə könüllü seçim əsasında həyata keçirilməlidir:
"Bahalı məkanlarda, məsələn, restoran və ya tədbir zallarında mərasimlərin keçirilməsi, məzuniyyət proqramlarının təşkil olunması, eləcə də sənətçilərin dəvət edilməsi və ümumilikdə şou-biznes elementlərinin tədbirə daxil edilməsi çox da məqsədəuyğun deyil. Çünki burada əsas məsələ tədbirin təmtəraqlı olması deyil, mənalı və yaddaqalan şəkildə keçirilməsidir.
Daha sadə formatda, eyni zamanda uzun müddət yadda qalacaq bir tədbir təşkil etmək mümkündür. Bəzi hallarda yüksək xərclə keçirilən tədbirlər yalnız bir gecəlik təəssürat yaradır və tez unudulur, halbuki daha sadə formada keçirilən tədbir şagirdlərin yaddaşında daha dərin iz buraxa bilər.
Bu prosesdə əsas prinsip şagirdlərin və valideynlərin razılığı olmalıdır. Eyni zamanda, məktəb rəhbərliyinin hər hansı bir təzyiq göstərməsi doğru deyil və bu, tamamilə könüllü seçim əsasında həyata keçirilməlidir. Bundan əlavə, məktəbdə əlavə ödənişlər tələb olunmamalıdır. İstər çəkiliş, istərsə də digər təşkilati xərclər baxımından.
Məktəbin öz imkanları daxilində bu tədbiri keçirmək mümkündür. Məktəb daxilində mövcud məkanlardan istifadə oluna bilər və şagirdlərin öz yaradıcılığına əsaslanan fəaliyyətlər - səhnəciklər, müxtəlif skeçlər, şeirlər və bədii çıxışlar və s. tədbirin əsas hissəsini təşkil edə bilər. Bu cür fəaliyyətlər isə həm daha az xərc tələb edir, həm də daha səmimi və mənalı bir atmosfer yaradır.
Səs sistemi, çəkiliş və digər texniki xərclər üçün əlavə vəsaitə ehtiyac yaranarsa, bu məsələni valideyn komitəsi öz aralarında razılaşdıraraq həll edə bilər. Bu zaman şagirdlərin və ailələrin maddi vəziyyəti mütləq nəzərə alınmalıdır".
Məktəbi bitirmək birdən-birə bütün zəncirləri qırıb tam sərbəstliyə keçmək demək deyil:
"Son zənglə bağlı arzuolunmaz bir ənənə də var ki, şagirdlər həmin gün həddindən artıq sərbəst olub bulvarda və digər ictimai yerlərdə qayda-qanun pozuntularına yol verirlər, bəzilərinin isə içki içib sərxoşluq etdiyi müşahidə olunur. Bu cür neqativ hallara yol verilməməlidir. Çünki məktəbi bitirmək birdən-birə bütün zəncirləri qırıb tam sərbəstliyə keçmək demək deyil. Vətəndaş hər mərhələdə intizamlı olmalı, ictimaiyyətdə öz davranışına və hərəkətlərinə diqqət yetirməlidir.
Eyni zamanda, bəzən həmin gün şagirdlərə avtomobil verilməsi və yüksək sürətlə hərəkət etmələri də müşahidə olunur ki, bu da əvvəlki illərdə yol qəzaları ilə nəticələnib. Valideynlər bu məsələlərə xüsusi diqqət yetirməlidirlər. Şagirdlər bəzən özlərini artıq yetkin və tam sərbəst hesab edib düşünülməmiş addımlar atırlar və bu da onların həyatına ciddi təhlükə yarada bilər. Belə halların nəticəsi isə valideynlər üçün uzun müddət davam edən ağır bir yükə çevrilə bilər.
Bu da adi günlərdən biridir, sadəcə olaraq 11 il bir yerdə oxunmasının qeyd edilməsi və daha yadda qalan olması üçün keçirilir. Müxtəlif şəkillər, çəkilişlər ola bilər, bu da başa düşüləndir və şagirdlərin haqqıdır.
Xatırlayırsınızsa, bir neçə il əvvəl COVID pandemiyası dövründə məzuniyyət tədbirləri keçirilmədi. O tədbirlər olmadısa, həmin şagirdlər həyatda daha uğursuz oldular, yaxud bir-biri ilə əlaqələri daha zəif oldu? Əsla. Yəni bu həyatdır, hər cür vəziyyət ola bilər, fors-major hallar baş verə bilər. Müharibə, zəlzələ və digər səbəblərlə də bu tədbirlər təxirə salına bilər.
Yəni bu, şagirdlər üçün son deyil və məqsəd də bu olmamalıdır. Bu sadəcə bir ənənədir. Daha yadda qalan, daha maraqlı, amma valideynləri əlavə yükə salmayan və şagirdləri də həddindən artıq sərbəstliyə aparmayan bir formada həyata keçirilməlidir".