Azərbaycanda əhali arasında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində suçiçəyinə yoluxma hallarında artım müşahidə olunub.
Maraqlıdır ki, suçiçəyinin ilkin əlamətləri hansılardır və bu xəstəlik uşaqlar üçün hansı təhlükələr yarada bilər?
AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova açıqlama verib.
O bildirib ki, suçiçəyi ən yoluxucu infeksion xəstəliklərdən biridir və virus mənşəlidir:
“Suçiçəyi Varisella-zoster adlı virus tərəfindən törədilir. Adətən yoluxmadan sonra 10-21 günlük inkubasiya dövrü olur və bu müddət bitdikdən sonra xəstəliyin əlamətləri meydana çıxmağa başlayır.
Yoluxmadan sonrakı ilk 10-21 gün inkubasiya dövrü hesab olunur. Daha sonra xəstəlik ilkin - prodromal mərhələyə keçir. Bu mərhələ qeyri-spesifik əlamətlərlə xarakterizə olunur. Digər virus infeksiyalarında olduğu kimi, qızdırma, halsızlıq, yorğunluq, baş ağrısı və iştahsızlıq kimi simptomlar müşahidə edilə bilər.
Bu ilkin qeyri-spesifik əlamətlər adətən səpkilərdən 1-2 gün əvvəl ortaya çıxır. Lakin hər zaman bu əlamətlərin olması mütləq deyil. Xüsusilə körpə və azyaşlı uşaqlarda bu mərhələ bəzən müşahidə olunmur və yalnız ümumi narahatlıq qeyd edilə bilər.
Daha sonra xəstəliyin ən tipik əlaməti başlayır. İlk olaraq dəridə qırmızı makulopapulyar səpkilər yaranır. Bu səpkilər qısa müddət ərzində içi şəffaf maye ilə dolu vezikulyar, yəni sulu qabarcıqlara çevrilir. Bir neçə gün ərzində həmin qabarcıqlar quruyur və qabıq bağlayır”.
Pediatr qeyd edib ki, suçiçəyinin xarakterik xüsusiyyətlərindən biri səpkilərin bədənin müxtəlif nahiyələrində eyni anda fərqli mərhələlərdə müşahidə olunmasıdır:
“Yəni eyni vaxtda həm yeni səpkilər, həm vezikulalar, həm də qabıq bağlamış elementlər görünə bilər. Bu səpkilər adətən güclü qaşınma ilə müşayiət olunur. Bu əlamətlər suçiçəyinin tipik klinik gedişatını təşkil edir və xəstəlik əksər hallarda fiziki müayinə ilə diaqnoz olunur.
Virus əsasən hava-damcı yolu ilə, öskürək və asqırma zamanı yayılır. Həmçinin sulu qabarcıqlarla birbaşa təmas nəticəsində də yoluxma mümkündür. Yoluxuculuq səpkilər çıxmazdan 1-2 gün əvvəl başlayır və bütün səpkilər tam qabıq bağlayana qədər davam edir”.
Şəlalə Poluxova bildirib ki, uşaqlarda suçiçəyi əksər hallarda yüngül keçir və öz-özünə sağalan xəstəlikdir:
“Lakin nadir hallarda ciddi ağırlaşmalar baş verə bilər, xüsusilə də profilaktika aparılmadıqda. Bildiyimiz kimi, suçiçəyi virusuna qarşı peyvənd mövcuddur. Hazırda bu peyvənd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi peyvənd təqviminə daxil edilməyib, lakin bir sıra özəl tibb müəssisələrində tətbiq olunur.
Peyvənd olunmadıqda suçiçəyinin ağırlaşmaları riski arta bilər. Ən çox rast gəlinən ağırlaşmalar ikincili bakterial infeksiyalardır. Bunlara dəri və yumşaq toxuma infeksiyaları – impetiqo, sellülit və abseslər daxildir. Qaşınma nəticəsində dərinin zədələnməsi bakterial infeksiyanın qoşulmasına şərait yaradır və bu, uşaqlarda ən çox rast gəlinən ağırlaşmalardandır”.
Onun sözlərinə görə, bəzi hallarda daha ciddi fəsadlar da müşahidə oluna bilər:
“Nadir hallarda respirator ağırlaşmalar, xüsusilə pnevmoniya baş verə bilər. Bu, həm virus, həm də bakterial mənşəli ola bilər və daha çox 1 yaşından kiçik uşaqlarda rast gəlinir. Bəzi hallarda sinir sistemi ağırlaşmaları - ensefalit və digər nevroloji problemlər qeydə alınır. Bundan əlavə, hematoloji və digər sistemlərlə bağlı nadir, lakin ciddi ağırlaşmalar da mümkündür.
Ağırlaşmalara görə xəstəxanaya yatış halları ən çox 3-5 yaş arası uşaqlarda müşahidə olunur. Araşdırmalara əsasən, ümumi xəstəlik hallarında ağırlaşma nisbəti 5-40 faiz arasında dəyişə bilər və əsasən bakterial infeksiyalarla əlaqəlidir. Risk qrupuna əsasən immun sistemi zəif olan uşaqlar, böyüklər və nadir hallarda yenidoğulmuş körpələr daxildir. Bu qruplarda xəstəlik daha ağır gediş göstərə bilər”.