Bildiyiniz kimi, son günlərdə həm uşaqlar, həm də böyüklər arasında virus infeksiyası geniş yayılıb. Bu virus yüksək hərarət, boğaz ağrısı, qripə bənzər əlamətlərlə müşahidə olunur və demək olar ki, digər virus xəstəliklərindən fərqlənmir. Lakin fərqli cəhət ondan ibarətdir ki, xəstəlik insan orqanizmindən tez bir zamanda uzaqlaşmır. Belə ki, 3-4 gün ərzində yaxşılaşan uşaq 1-2 gün özünü normal hiss etsə də, sonradan virus yenidən eyni əlamətlərlə ortaya çıxır. Bu vəziyyət valideynləri ciddi şəkildə narahat edir.
Bəs bu virusa yoluxmuş uşaqlara hansı qidalar verilməlidir? Hansı qidalardan uzaq durmaq tövsiyə olunur?
Mövzu ilə bağlı AzEdu.az-a pediatr Şəlalə Poluxova danışıb.
O bildirib ki, hazırda yayılan viruslar bir-birinə çox oxşardır və xəstəliyin gedişatı da demək olar ki, eynidir:
“Bir yox, bir neçə virus qrupu yayılıb ki, bunlar gedişat baxımından bir-birinə çox oxşardır və hamısı qrip kimi özünü göstərir. Burun tıxanıqlığı, yüksək hərarət müşahidə olunur, daha sonra öskürək prosesə qoşulur. İlk mərhələlərdə boğaz ağrısı da olur. Bəzi hallarda böyüklərlə müqayisədə uşaqlarda bu viruslar mədə-bağırsaq traktını daha çox zədələyir. Baxmayaraq ki, biz bunları tənəffüs yolu infeksiyaları adlandırırıq, eyni zamanda mədə-bağırsaq sistemini də zədələyə bilir. Qusmalar müşahidə olunur.
Bu viruslar bir-birinə çox oxşayır, gedişatları da bənzərdir. Əvvəllər biz hamısını ‘qrip’ adlandırırdıq, amma əslində onların arasında həqiqi qrip virusları da var. Lakin bu xəstəlik qrip və qripəbənzər viruslar qrupu tərəfindən törədilir. Bir-birinə çox oxşadıqları üçün sanki son vaxtlar yayılan tək bir virus kimi qəbul olunur, amma bu, tam olaraq belə deyil.
Xüsusilə ayırd etmək istədiyim virus əsl qrip virusudur. Qrip virusunun iki növü var: A və B. Hazırda Influenza A aktivdir. Bir qədər sonra, hər il olduğu kimi, Influenza B-ni də görəcəyik və yaz-yay aylarına doğru hər iki növ müşahidə olunacaq.
Əsl qrip virusu olduqda xəstəliyin gedişatı digər viruslarla müqayisədə bir qədər fərqli olur. İlk mərhələdə yüksək hərarət olur və qızdırmasalıcı dərmanlara baxmayaraq, hərarət asanlıqla düşmür. Uşaq daha halsız olur və vaxtında düzgün müalicə başlanmadıqda bu əlamətlər 7-10 günə qədər davam edə bilər.
Bu baxımdan, əgər uşaqda çox yüksək hərarət, halsızlıq, burun tıxanıqlığı, öskürək kimi əlamətlər varsa, əvvəllər dediyimiz kimi 2-3 gün gözləmək və bədənin immun sisteminə virusla mübarizə aparmaq üçün vaxt vermək mümkün idi. Lakin hazırda Influenza mövsümü olduğunu nəzərə alsaq, xüsusilə 39 dərəcə və daha yüksək temperatur hallarında mütləq influenza testi götürülməlidir”.
Pediatr qeyd edib ki, virus infeksiyalarında kəskin fazadan sonra qızdırma azalmalı və uşaq yaxşılaşmalıdır:
“Belə hallarda mütləq həkimə müraciət edilməli, müayinə aparılmalı və həkim klinik əlamətlərə, anamnezə və fiziki müayinəyə əsaslanaraq influenza testini məsləhət görə bilər. Testin nəticələrinə uyğun olaraq növbəti müalicə planı qurulmalıdır. Bu virus üzərində xüsusi dayanmağımızın səbəbi odur ki, ilk 48 saat ərzində diaqnoz qoyulub müalicəyə başlanarsa, ağırlaşmaların qarşısı alınır. Pneumoniya, otit kimi fəsadlar müşahidə olunmur və uşaq 3-4 gün ərzində sağalır. Əlamətlər də əksər hallarda geri qayıtmır.
Bəzən elə hallar olur ki, uşaq 3-4 gün ərzində yaxşılaşır, temperatur düşür və özünü yaxşı hiss edir. Lakin 1-2 gün sonra, xüsusilə yüksək hərarət yenidən qayıdırsa, bu artıq normal hesab edilmir. Virus infeksiyasında kəskin fazadan sonra qızdırma azalmalı və uşaqda ümumi vəziyyət yaxşılaşmalıdır.
Əgər fasilədən sonra yenidən yüksək hərarət, halsızlıq, təngnəfəslik, qulaq ağrısı və ya döş qəfəsində ağrı yaranarsa, uşağı evdə saxlayıb yalnız simptomatik müalicə ilə gözləmək qətiyyən düzgün deyil. Bu zaman artıq söhbət virusdan yox, virusdan sonra yaranan ikincili bakterial ağırlaşmadan gedir.
Virus immun sistemini zəiflədə bilər və bu zəifləmə fonunda bakterial infeksiyalar qoşula bilər. Belə hallarda müalicə vaxtında və düzgün şəkildə, mütləq həkim təyinatı ilə başlanmalıdır. Bu vəziyyətlərdə uşağın dərhal həkimə göstərilməsi vacibdir.
Bəzən də olur ki, uşaq 3-4 gün ərzində yaxşılaşır, temperatur qalxmır, lakin uzun müddət öskürək, xırıltılı nəfəsalma və burun tıxanıqlığı qalır. Uşaq burunla nəfəs ala bilmir. Bu hallarda da yenə həkimlə məsləhətləşmək və uyğun müalicə təyin olunması vacibdir”.
Şəlalə Poluxova bildirib ki, xəstəlik zamanı uşaqlarda iştahsızlıq normal haldır və əsas diqqət maye qəbuluna yönəldilməlidir:
“Virusun kəskin fazasında uşaqlarda ən vacib məsələlərdən biri bol maye qəbuludur. Bunu hər zaman vurğulayırıq. İstər qrip virusu olsun, istərsə də qripəbənzər digər viruslar – bütün hallarda bol maye qəbulu çox önəmlidir. Su, ilıq bitki çayları, şorbalar verilə bilər. Uşağı mütləq şəkildə maye qəbuluna təşviq etmək lazımdır.
Bu dövrdə uşaq iştahsız ola bilər, yemək yemək istəməyə bilər və bu, tamamilə normaldır. Virusun kəskin fazasında orqanizm bütün gücünü virusla mübarizəyə sərf edir. Bu səbəbdən iştahanın azalması müşahidə olunur. Orqanizm qidanın həzmi üçün əlavə enerji sərf etməmək məqsədilə iştahanı avtomatik azaldır.
Əsas məsələ maye qəbuludur. Uşağın bol maye içməsi dehidrasiyanın qarşısını alır. Susuzluq həm də qızdırmanın daha yüksək qalmasına səbəb ola bilər.
Qida məsələsinə gəldikdə isə, yüngül və asan həzm olunan qidalar tövsiyə olunur. Az yağlı, ədviyyatsız, sadə yeməklərə üstünlük verilməlidir. Təzə meyvələr, mövsümə uyğun tərəvəzlər faydalıdır. Suda və ya buxarda bişmiş tərəvəzlər həm asan həzm olunur, həm də immun sistemini dəstəkləyir. Uşağı qətiyyən yeməyə məcbur etmək olmaz. Uşaq iştahsız ola bilər və birdən-birə çox yemək verilərsə, qusma baş verə bilər. Virus infeksiyaları zamanı mədə-bağırsaq sistemi daha həssas olur. Buna görə də az-az, tez-tez, kiçik porsiyalarla qidalandırmaq daha doğrudur.
Vacib bir məqam da var: əgər uşaq yüksək hərarət fonunda heç nə yemir, içmir və ümumiyyətlə maye qəbul etmirsə, onu evdə saxlamaq olmaz. Xüsusilə 2 yaşa qədər uşaqlarda bu vəziyyət ciddi ağırlaşmalara səbəb ola bilər. Belə hallarda uşaq artıq xəstəxanaya yatış üçün göstərişdir.
Ümumiyyətlə, təkcə virus infeksiyaları zamanı deyil, hər zaman yağlı və qızardılmış yeməklərdən, fast food məhsullarından, konservləşdirilmiş qidalardan, qazlı və şəkərli içkilərdən uzaq durmaq lazımdır. Mədə-bağırsaq sistemini yükləyən qidalardan çəkinilməlidir. Uşaq ev şəraitində istirahət rejimində olmalı, kifayət qədər dincəlməli, otaq müntəzəm havalandırılmalı, tozdan və siqaret tüstüsündən uzaq saxlanmalıdır. Çətin həzm olunan, marketdən alınmış və mənşəyi məlum olmayan qidalardan istifadə edilməməlidir.
Dərman məsələsinə gəldikdə isə, qızdırma və ağrı hallarında parasetamol və ya ibuprofen tərkibli preparatlar yalnız həkim və ya pediatr məsləhəti ilə verilməlidir. Antibiotiklərlə bağlı xüsusi olaraq vurğulamaq istəyirəm ki, antibiotiklər viruslara təsir etmir. Əgər bakterial infeksiya nə qan analizində, nə də həkim müayinəsində təsdiqlənməyibsə, antibiotik təyin olunmamalıdır.
Ailələr antibiotikləri özbaşına və düzgün olmayan dozada başlamamalıdır. Bu cür yanaşma gələcəkdə daha ciddi fəsadlara səbəb ola bilər. Təəssüf ki, bu, hələ də ən çox rast gəlinən problemlərdən biridir".